Günəşdə güclü partlayışlar gözlənilir: Maqnit qasırğası riski var
İyunun 22-23-də Günəşdə aktivliyin ümumilikdə mülayim keçəcəyi proqnozlaşdırılsa da, ən yüksək gücə malik "X" sinifli partlayışların baş vermə ehtimalı var.
AFN.az xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
"İyunun 22-si və 23-də Günəşin partlayış aktivliyi əsasən mülayim gözlənilir, lakin ali "X" sinfinə aid alışmaların baş verməsi mümkündür", – deyə institutun rəsmi bəyanatında bildirilir.
Məlumata görə, dünən Günəş səthində gücünə görə sondan əvvəlki kateqoriyaya aid edilən iki güclü partlayış qeydə alınıb. Bunlar rentgen şüalanma intensivliyinə görə M2.6 və M6.8 səviyyəli alışmalardır.
Qeyd edək ki, Günəşdəki partlayışlar buraxdıqları rentgen şüalarının gücündən asılı olaraq beş əsas sinfə bölünür: A, B, C, M və X. Ən zəif və ilkin pillə hesab olunan A0.0 sinfi Yer orbitində hər kvadratmetrə 10 nanovatt şüalanma gücünə bərabərdir. Hər növbəti hərfə keçdikdə isə bu radiasiya gücü 10 dəfə artır. Bir qayda olaraq, bu cür güclü kosmik fəallıq Günəş plazmasının böyük kütlədə atılması ilə müşayiət olunur. Həmin plazma buludları Yer planetinə çatdıqda isə güclü geomaqnit qasırğalarına səbəb ola bilir.
