Filippində liseyə edilən silahlı hücumda 3 şagird ölüb
Filippində bir liseyə edilən silahlı hücumda ilkin məlumatlara görə 3 şagird həyatını itirib, 5 şagird isə yaralanıb.
AFN.az xəbər verir ki, Filippin polisi iki kişi şübhəlinin San Xose Milli Liseyinə silahlı hücum reallaşdırdığını açıqlayıb.
Səlahiyyətlilər hadisə zamanı ilkin məlumatlara görə 3 şagirdin dünyasını dəyişdiyini, 5 şagirdin isə xəsarət aldığını bildiriblər.
Hücumla əlaqəsi olan iki şübhəlinin saxlanıldığını qeyd edən polis, onlardan birinin elə hadisənin baş verdiyi liseyin şagirdi olduğunu diqqətə çatdırıb.
Polislər hadisədən sonra məktəb ətrafında təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədilə əraziyə əlavə qüvvələr cəlb ediblər.
1500-dən çox şagirdin təhsil aldığı liseydə baş verən bu qanlı hadisənin səbəbləri araşdırılır.

