ABŞ və İsrailin İrana hücumlarında 3519 nəfər həyatını itirib
ABŞ və İsrailin İrana qarşı fevralın 28-də başlatdığı hərbi hücumlar nəticəsində ümumilikdə 3519 nəfərin dünyasını dəyişdiyi bəyan edilib.
AFN.az xəbər verir ki, bu barədə İran Məhkəmə Hakimiyyətinin sözçüsü Əsgər Cahangir məlumat verib.
İranın rəsmi xəbər agentliyi İRNA-nın yaydığı məlumata görə, Cahangir paytaxt Tehranda keçirdiyi həftəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Məhkəmə rəsmisi hərbi zərbələr nəticəsində həyatını itirənlərdən 3002-nin kişi, 517-nin isə qadın olduğunu diqqətə çatdırıb.
Partlayışların şiddətindən dünyasını dəyişənlərin bir çoxunun cəsədinin tanınmaz hala düşdüyünü qeyd edən Cahangir, aparılan intensiv işlər sayəsində cənazələrin şəxsiyyətinin müəyyənləşdirilərək ailələrinə təhvil verildiyini bildirib.
Qeyd edək ki, İran rəsmi qurumları bundan əvvəl ABŞ və İsrailin hücumları zamanı ölənlərin sayını 3468 olaraq bəyan etmişdilər.
