Fransada Ebola xəstəsi ilə təmasda olduğu düşünülən 5 nəfər karantinə alınıb



Fransanın Səhiyyə Naziri Stefani Rist ölkədəki ilk Ebola xəstəsi ilə təmasda olduğu təxmin edilən 5 nəfərin ehtiyat tədbiri olaraq karantinə alındığını bildirib.

AFN.az xəbər verir ki, nazir Rist qonaq olduğu "France 2" kanalında ölkədə qeydə alınan Ebola yoluxması ilə bağlı açıqlamalar verib.

Dünən Konqo Demokratik Respublikası (KDR)ndakı humanitar yardım missiyasından qayıdan bir həkimdə Ebola virusunun aşkar edildiyini xatırladan Rist sözügedən şəxsin təcrübəli bir həkim olduğunu qeyd edib.

Nazir bu həkimin xəstəliyin başlanğıc mərhələsində olduğunu vurğulayaraq, təyyarəyə mindiyi vaxt heç bir simptomunun olmadığını, bu səbəbdən virusun yoluxucu olmadığı qənaətinə gəldiklərini bildirib.

Uçuş zamanı baş ağrısı şikayəti olan həkimin vəziyyəti aidiyyatı şəxslərə bildirdiyini qeyd edən Rist bu səbəbdən həkimin təyyarə enən kimi qarşılanaraq xəstəxanaya aparıldığını və burada 21 günlük karantinə alındığını qeyd edib.

Rist təyyarədə həkimə yaxın oturanları araşdırdıqlarını bildirərək, onunla təmasda olduğu düşünülən 5 nəfərin müəyyən edildiyini və tədbir məqsədilə izolyasiya olunduqlarını açıqlayıb.

Xatırladaq ki, Fransa Səhiyyə Nazirliyindən dünən verilən bəyanatda KDR-dən qayıdan bir həkimdə Ebola virusunun müəyyən edildiyi bildirilmişdi.

Fransa torpaqlarında bu dövrdə ilk dəfə Ebola virusunun görüldüyü qeyd olunan açıqlamada Baş nazir Sebastyen Lekornunun vəziyyəti yaxından izlədiyi bildirilmişdi.

Fransa Hökumətinin sözçüsü Mod Brejon isə dünən etdiyi çıxışda Ebola ilə bağlı vəziyyətin tamamilə nəzarət altında olduğunu vurğulamışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu