Aİ-də 150 avroluq gömrük güzəşti 1 iyulda ləğv edilir
Avropa İttifaqı (Aİ) daxilində quruma üzv olmayan ölkələrdən internet vasitəsilə sifariş edilən və dəyəri 150 avroya qədər olan məhsullara tətbiq edilən gömrük rüsumu azadlığı 1 iyulda qüvvədən düşür.
AFN.az xəbər verir ki, Almaniya Gömrük İdarəsinin yaydığı məlumata əsasən, 1 iyul tarixindən etibarən üçüncü ölkələrdən Aİ-dəki istehlakçılara məsafədən satış yolu ilə göndərilən və dəyəri 150 avronu keçməyən bağlamalarda paket daxilindəki hər bir fərqli məhsul kateqoriyası üçün 3 avro məbləğində sabit gömrük rüsumu tətbiq olunacaq.
Aİ-nin bu addımla gömrük azadlığı səbəbindən ittifaq daxilindəki satıcıların əleyhinə yaranan haqsız rəqabətin qarşısını almağı və daxili bazarı qorumağı hədəflədiyi bildirilir.
İstisna hallarda isə standart gömrük tarifi dərəcələri qüvvədə qalmağa davam edəcək.
Yeni qaydaya əsasən, karqo paketindəki hər fərqli məhsul kateqoriyasına görə 3 avro vergi tutulacaq.
Məsələn, bağlamada yalnız 4 cüt corab varsa, bu, tək kateqoriya sayılacaq və 3 avro ödəniləcək. Lakin corabın yanında oyuncaq və şarj kabeli də varsa, 3 fərqli kateqoriya yarandığı üçün vergi 9 avroya yüksələcək.
Sifarişlər 1 iyuldan əvvəl verilsə belə, bu tarixdən sonra gömrüyə daxil olan bütün məhsullar yeni qaydaya tabe olacaq.
Mövcud olan 19 faiz və 7 faizlik idxal ƏDV-si tətbiqi isə olduğu kimi davam edəcək.
İstehlakçılar üçün gömrük rəsmiləşdirilməsində hər hansı prosedur dəyişikliyi baş verməyəcək.
Daşıyıcı karqo şirkətləri gömrük rüsumunu əvvəlcədən ödəyib, çatdırılma zamanı alıcıdan yığmağa davam edəcəklər.
Bundan əlavə, "İdxalın Vahid Pəncərə Nöqtəsi" (IOSS) sistemində qeydiyyatdan keçmiş onlayn satıcılar bu vergini birbaşa satış qiymətinə də əlavə edə biləcəklər.
Digər tərəfdən, rəsmilər bu sabit verginin noyabr ayında qüvvəyə minəcək "Karqo Əməliyyat Haqqı" ilə qarışdırılmaması barədə xəbərdarlıq ediblər.
Almaniyanın maliyyə naziri Lars Klinqbeyl isə mövzu ilə bağlı qiymətləndirməsində 150 avroluq gömrük güzəşti həddinin 1 iyulda ləğv edilməsinin yerli məşğulluğa birbaşa töhfə verəcəyinə diqqət çəkib.
Bu qərarın daxili bazarı qoruyacağını müdafiə edən Klinqbeyl bu addımın pərakəndə ticarəti, dolayısı ilə Almaniyadakı iqtisadiyyatı və məşğulluğu qoruduğunu, sözügedən güzəşt çərçivəsində əksər hallarda sağlamlığa və ya ətraf mühitə zərərli, keyfiyyətsiz məhsulların idxal edildiyini ifadə edib.



