Votsap-da telefon nömrəsi məcburiyyəti aradan qalxır: İstifadəçi adı dövrü başlayır



Dünyanın ən populyar mesajlaşma platforması olan Votsap istifadəçilərin telefon nömrələrini paylaşmadan, sadəcə unikal istifadəçi adları vasitəsilə söhbət etməsinə imkan verəcək yeni məxfilik funksiyasını elan edib.

AFN.az xəbər verir ki, yaxın aylarda dünya miqyasındakı 3 milyard hesab sahibi üçün tədricən istifadəyə veriləcək bu funksiya çərçivəsində istifadəçilər məcburi olmasa da, proqram daxilində özlərinə istifadəçi adları təyin etməyə başlayıblar.

Platforma tərəfindən verilən açıqlamada istifadəçi adlarının istənilən vaxt silinə və ya dəyişdirilə biləcəyi qeyd olunub.

Sistem tam aktivləşdikdə, yeni bir söhbətə başlamaq üçün telefon nömrəsi yerinə istifadəçi adını vermək kifayət edəcək. Təhlükəsizlik məqsədilə arzuolunmaz mesajları bloklamaq və şikayət etmək seçimləri isə qorunub saxlanacaq.

Maksimum 35 simvolla məhdudlaşdırılan istifadəçi adlarında saxtakarlığın qarşısını almaq üçün yüksək rütbəli rəsmilər və məşhurlar üçün bəzi məhdudiyyətlər tətbiq olunacaq.

"WhatsApp"ın Məhsul Direktoru Alis Nyuton-Reks xüsusilə qrup söhbətlərində telefon nömrələrinin yad insanlarla paylaşılmaq istənməməsi barədə çox sayda müraciətlər aldıqlarını, bu yeni funksiya ilə istifadəçilərə öz kimliklərini necə nümayiş etdirəcəkləri barədə tam nəzarət imkanı verməyi hədəflədiklərini bildirib.

Oxşar məxfilik funksiyası təhlükəsiz mesajlaşma tətbiqi olan "Signal" tərəfindən 2024-cü ildə tətbiq edilmişdi.

Oksford Universitetinin professoru Karisa Veliz bu funksiyanın müsbət bir addım olduğunu qəbul etməklə yanaşı, "Meta" şirkətinin məlumat toplama siyasətini tənqid edərək tətbiqin reklam məqsədilə meta-məlumatları toplamağa davam etdiyini xatırladıb.

Votsap uçdan-uca şifrələmə səbəbindən söhbət məzmunlarını reklam üçün istifadə edə bilməsə də, kiminlə və nə vaxt mesajlaşıldığı kimi məlumatları reklam proseslərində qiymətləndirməyə davam edir.

Funksiya tam fəaliyyətə başladıqda şəxsi telefon nömrələri profillərdə görünməz qalacaq, lakin Votsap hesabı aça bilmək üçün telefon nömrəsi tələbi qüvvədə qalacaq. Platformada axtarış edilə biləcək hər kəsə açıq bir istifadəçi adı kataloqu da olmayacaq.

Digər tərəfdən, Votsap rəhbər heyətində də mühüm dəyişikliyə gedib. Platformanı təxminən yeddi ildir idarə edən Vill Katkart vəzifəsindən ayrılıb, onun yerini isə Hindistan mənşəli maliyyə texnologiyaları startapı "CRED"in təsisçisi Kunal Şah tutub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu