MAQATE: Zaporojye AES müharibədən bəri 21-ci dəfə xarici enerji mənbəyini itirib
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Ukraynadakı Zaporojye Atom Elektrik Stansiyasının müharibə başlayandan bəri 21-ci dəfə xarici elektrik mənbəyindən məhrum olduğunu bildirib.
AFN.az xəbər verir ki, MAQATE-nin "X" hesabından verilən açıqlamada stansiyanın bu gün obyekt xarici enerji qaynağını itirdiyi ifadə edilib.
Bölgədəki MAQATE komandasının ərazidə baş verən hərbi fəaliyyətləri eşitdiyi qeyd olunan açıqlamada elektrik sistemlərindən birinin iyun ayında əldə olunmuş yerli atəşkəs zamanı təmir edildiyi xatırladılıb.
Açıqlamada həmçinin obyektin qəza vəziyyətləri üçün nəzərdə tutulan dizel generatorlarının işə düşdüyü, elektrik kəsintisinin aradan qaldırıldığı, lakin stansiyanı elektrik şəbəkəsinə bağlayan xətlərdən birinin hələ də yararsız halda olduğu məlumatı paylaşılıb.
Məsələ ilə bağlı fikirlərini bölüşən MAQATE rəhbəri Rafael Mariano Qrossi xarici enerji mənbəyində yaşanan son kəsintinin Zaporojye Atom Elektrik Stansiyasındakı nüvə təhlükəsizliyinin son dərəcə həssas olduğunu göstərdiyini və mümkün nüvə qəzasının qarşısını almaq üçün maksimum təmkin nümayiş etdirilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Zaporojye Atom Elektrik Stansiyası Avropanın ən böyük atom elektrik stansiyası hesab olunur və Rusiya ordusu Ukraynadakı müharibə başladıqdan sonra, 2022-ci ilin martında stansiyanın nəzarətini ələ keçirib.


