Bəhreyn ordusu: İrandan təşkil edilən hava hücumlarının qarşısı alındı



Bəhreyn ordusu İrandan təşkil edilən hava hücumlarının qarşısının alındığını elan edib.

AFN.az xəbər verir ki, Bəhreyn ordusundan verilən açıqlamada İranın səhər saatlarında Bəhreyndə raket və pilotsuz uçuş aparatları (PUA) ilə mülki obyektləri hədəf aldığı bildirilib.

Ölkədəki hava hücumundan müdafiə sistemlərinin bu gün İrana aid çoxlu sayda hava hücumunun qarşısını aldığı ifadə edilib.

Sayla bağlı məlumat verilməzkən, mülki şəxslərin və xüsusi mülkiyyətin raket və PUA-larla qəsdən hədəf alınmasının beynəlxalq humanitar hüququn açıq-aşkar pozulması olduğu vurğulanıb.

Bəhreynin bütün silahlı qüvvələrinin ən yüksək hazır vəziyyətdə olduğu və ölkənin müdafiəsi üçün tam döyüş hazırlığına gətirildiyi qeyd olunub.

Bəhreyn Daxili İşlər Nazirliyi gecə saatlarında hücumlar səbəbindən həyəcan siqnallarının çalındığını açıqlamışdı.

ABŞ Prezidenti Donald Trampın İrana yönəlik hücum hədəsindən sonra ABŞ ordusunun gecə saatlarında başlayan bombardmanında İranın Hörmüz boğazı yaxınlığındakı əraziləri hədəf alınmışdı.

İran İslam İnqilabı Keşikçiləri Korpusu da ABŞ-nin hücumlarına cavab olaraq Küveyt və Bəhreyndə yerləşən ABŞ hərbi bazalarındakı infrastrukturu və obyektləri hədəf aldığını bəyan etmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu