Qətər tanker hücumundan sonra maye qaz istehsalını məhdudlaşdırıb
Hörmüz boğazında maye təbii qaz (LNG) daşıyan tankerə edilən hücumdan sonra Qətər istehsalın artırılması planlarını müvəqqəti təxirə salıb.
AFN.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə agentlik öz mənbələrinə əsasən məlumat yayıb. Bildirilir ki, insidentdən dərhal sonra "QatarEnergy" şirkətinin rəhbərliyi bir neçə iclas keçirib və Ras-Laffan sənaye zonasındakı qaz emalı zavodunda istehsalın genişləndirilməsi planlarını dondurmaq qərarına gəlib. Müəssisədə işlər minimuma endiriləcək və yüklənən gəmilərin sayı azaldılacaq.
Xatırladaq ki, iyulun 7-də Hörmüz boğazında Qətərə məxsus "Al Rekayyat" LNG tankeri və Səudiyyə Ərəbistanının neft tankeri atəşə tutulub. İranın İRİB korporasiyası Qətər gəmisinin ABŞ Hərbi Dəniz Qüvvələrinin müşayiəti ilə boğazdan keçməyə çalışdığını və xəbərdarlıqlara məhəl qoymadığı üçün hədəfə alındığını iddia edib.
Hadisədən sonra ABŞ Prezidenti Donald Tramp Ankara sammitində NATO-nun Baş katibi Mark Rütte ilə görüşündə İranla atəşkəs rejiminin artıq qüvvədə olmadığını bəyan edib və Tehranla danışıqlar aparmayacağını bildirib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) boğazdakı hücumlara cavab olaraq İrana güclü zərbələr endirdiyini, İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" qərargahı isə bu aqressiyaya cavab veriləcəyini və Hörmüz boğazının idarəedilməsinə müdaxiləyə imkan verilməyəcəyini açıqlayıb.
