Roberta Metsola: Neft qiymətlərinə görə Avropanı çətin bir yay və payız gözləyir
Avropa Parlamentinin (AP) Sədri Roberta Metsola neft qiymətləri ilə bağlı verdiyi açıqlamada Avropanı çox çətin bir yay və payızın gözlədiyini bildirib.
AFN.az xəbər verir ki, Yunanıstanın paytaxtı Afinada "The Economist" jurnalının təşkil etdiyi "Təlatüm Dövründə Tərəqqi" başlıqlı tədbirdəki paneldə iştirak edən Metsola burada Yunanıstan Baş naziri Kiriakos Mitsotakis ilə birlikdə Avropa İttifaqı (Aİ) ilə bağlı gündəliyi qiymətləndirib.
Metsola Avropanın son vaxtlar hər zamankından daha çox təhlükəsizlikdən danışdığına və müdafiəyə daha çox vəsait xərclədiyinə diqqət çəkib.
Yaxın Şərqdəki hadisələrin Avropadakı petrol və təbii qaz qiymətlərinə təsirinə də toxunan Metsola çox çətin bir yay və payıza, hətta proqnozlaşdırıla bilməyən bir 2027-ci ilə doğru irəlilədikləri qənaətini bölüşüb.
Metsola qiymət artımlarının xalq üçün gözlənilməz olacağı təqdirdə Avropanın indikindən qat-qat çox çətinlik çəkəcəyini qeyd edib.
Avropanın rəqabət qabiliyyətinə də toxunan AP sədri qitənin süni intellekt mütəxəssislərinin sayı, alınan patentlər və istehsal standartları kimi məsələlərdə inkişaf etdiyini bildirərək, lakin istehsal fəaliyyəti həyata keçirilə bilməsə, qürur duyduqları istehsal standartlarının məqsədinə uyğun olmayacağını vurğulayıb.
Metsola Aİ-nin genişlənmə prosesinin tarix boyu həm ittifaq, həm də bura yeni qoşulan ölkələr üçün hər zaman qazan-qazan prinsipinə əsaslandığına diqqət çəkərək, namizəd ölkələrin çox gözlədilməsinin tərəfdarı olmadığını ifadə edib.
Yunanıstan Baş naziri Kiriakos Mitsotakis də Ankarada təşkil edilən NATO Sammiti ilə bağlı apardığı qiymətləndirmədə Avropanın öz təhlükəsizliyini təmin etməsi baxımından sammiti uğurlu hesab etdiyini dilə gətirib.
Mitsotakis sammitdən çıxan mühüm mesajlardan birinin də Avropanın müdafiəyə daha çox investisiya yatıracağı olduğunu diqqətə çatdırıb.
Metsola və Mitsotakis süni intellekt kimi yeni texnologiya və innovasiya elementlərinə daha çox sərmayə qoyulması məsələsində həmrəy olduqlarını ifadə ediblər.
