CENTCOM: ABŞ ordusu İrana məxsus onlarla hədəfi dəqiq idarəolunan sursatlarla vurub



ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazı vasitəsilə beynəlxalq yük gəmilərinə qarşı hücum imkanlarını zəiflətmək məqsədilə bu ölkədəki onlarla hədəfin dəqiq idarəolunan sursatlarla vurulduğunu bəyan edib.

AFN.az xəbər verir ki, CENTCOM-un "X" sosial şəbəkəsindəki rəsmi hesabından verilən açıqlamada Hörmüz boğazında dəniz daşımalarına yönəlmiş təhdidləri minimuma endirmək məqsədilə İrandakı hərbi hədəflərə qarşı hücum dalğasının yekunlaşdığı bildirilib.

Bəyanatda hücumlar zamanı İrana məxsus hava hücumundan müdafiə sistemləri, sahil radar mövqeləri, raket və pilotsuz uçuş aparatı (PUA) obyektləri, eləcə də kiçik katerlərin hədəf alındığı vurğulanıb.

Sözügedən əməliyyatlarda qırıcı təyyarələr, hərbi gəmilər, kamikadze PUA-lar ilə yanaşı, ilk dəfə olaraq kamikadze insansız dəniz aparatlarından da istifadə edildiyi diqqətə çatdırılaraq Hörmüz boğazının qlobal ticarət üçün həyati əhəmiyyət kəsb edən dəniz dəhlizi olduğu və İranın buraya nəzarət etmədiyi qeyd olunub.

Açıqlamada İranın haqsız təcavüzkarlığına, təxribatlarına, hədələrinə və əsassız bəyanatlarına baxmayaraq, ABŞ qüvvələrinin gəmilərin sərbəst hərəkətini təmin etmək üçün tam hazır və mövqe tutmuş vəziyyətdə olduğu iddia edilib.

Xatırladaq ki, ABŞ ordusu iyulun 7-si və 8-də də ticarət gəmilərini hədəf aldığı əsası ilə İrana qarşı hücumlar həyata keçirdiyini elan etmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu