Çilidə hərbçi şəxsi avtomobili ilə bazara girdi: Azı 6 nəfər ölüb



Çilinin Vinya-del-Mar şəhərində bir hərbçi şəxsi avtomobili ilə bazara girib.

AFN.az xəbər verir ki, hadisə nəticəsində ilkin məlumatlara görə, ən azı 6 nəfər həyatını itirib.

Sahil kəndi Vinya-del-Marda Hərbi Dəniz Qüvvələrinin mənsubu olan hərbçi şəxsi nəqliyyat vasitəsilə bazarın içinə girib. Hadisə zamanı ən azı 6 nəfər dünyasını dəyişib, çoxlu sayda insan isə yaralanıb.

Sosial şəbəkələrdə paylaşılan görüntülərdə avtomobilin bazar piştaxtalarına çırpıldığı, daha sonra qəzəbli kütlənin etirazları fonunda sürücünün polis maşınına mindirilərək hadisə yerindən uzaqlaşdırıldığı əks olunub.

Vinya-del-Mar Polisinin rəisi Xorxe Quayta mətbuata açıqlamasında sürücünün hadisə anına dair heç nə xatırlamadığını dediyini bildirib.

Şahidlərin ifadələrinə əsasən avtomobilin yüksək sürətlə hərəkət etdiyini qeyd edən Quayta nəqliyyat vasitəsinin səkiyə çıxdıqdan sonra idarəetməni itirdiyini və xoşbəxtlikdən avtobus dayanacağına çırpılaraq dayana bildiyini, əks halda daha böyük fəsadlara yol aça biləcəyini vurğulayıb.

Çili Prezidenti Xose Antonio Kast isə sosial şəbəkə hesabından etdiyi açıqlamada yaşanan faciənin bütün ölkəni kədərə qərq etdiyini diqqətə çatdırıb.

Kast bütün dövlət qurumlarının zərərçəkənlərə kömək etmək və bu acı hadisənin məsuliyyətini tam şəffaf şəkildə üzə çıxarmaq üçün səfərbər olunduğunu ifadə edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu