Bangladeşdə daşqın fəlakəti: Ölənlərin sayı getdikcə artır
Bangladeşdə son günlər müşahidə olunan şiddətli yağışların səbəb olduğu daşqınlarda ən azı 51 nəfər həyatını itirib, 1 milyondan çox insan isə fəlakətdən zərər çəkib.
AFN.az xəbər verir ki, Bangladeşdə paytaxt Dəkkə də daxil olmaqla ölkənin böyük hissəsini cənginə alan qəfil daşqınlar və torpaq sürüşmələri səbəbindən minlərlə insan evsiz qalıb.
Çoxsaylı çayların yerləşdiyi alçaq relyefə malik ölkə olan Bangladeş hər il musson mövsümündə şiddətli yağışlar və daşqınlarla üzləşir. Lakin mütəxəssislər iqlim dəyişikliyinin bu yağışları daha şiddətli və tez-tez baş verən hala gətirdiyi barədə xəbərdarlıq edirlər.
Bir həftədən çox əvvəl başlayan və son günlərdə təsirini daha da artıran yağışlardan sonra səlahiyyətli şəxslər daşqın və torpaq sürüşməsi xəbərdarlıqları yayımlayıb, riskli ərazilərdəki ailələri təxliyə edib və məktəblərdəki imtahanları təxirə salıblar.
Evlərini itirən minlərlə insan hazırda dövlətin qurduğu sığınacaqlarda yaşamaq uğrunda mübarizə aparır.
Rəsmi şəxslərin verdiyi məlumata görə, 1 milyondan çox insan fəlakətdən mənfi təsirlənib.
İndiyədək qeydə alınan 51 ölüm halından 28-i Koks-Bazar bölgəsində baş verib. Bu ərazi dünyanın ən böyük qaçqın düşərgəsini təşkil edən 1 milyondan çox arakanlıya ev sahibliyi edir.
"BBC Bangla"nın verdiyi xəbərə görə, paytaxt Dəkkə sakinləri küçələrin gölə döndüyünü, bəzi yerlərdə suyun səviyyəsinin dizə çatması səbəbindən nəqliyyatın hərəkətində ciddi axsamaların yaşandığını bildiriblər.

