BMT: Yaşıl enerjiyə tələbat yerli xalqların hüquqlarının pozulması riskini artırır
Yaşıl enerjinin inkişafı və yeni texnologiyalar üçün zəruri olan kritik faydalı qazıntılara qlobal tələbatın sürətlə artması yerli xalqların məskunlaşdığı ərazilərə təzyiqi gücləndirir və onların hüquqlarının pozulması ilə nəticələnir.
AFN.az xəbər verir ki, bu xəbərdarlıqla BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk çıxış edib.
Cenevrədə Yerli Xalqların Hüquqları üzrə Ekspert Mexanizminin 19-cu sessiyasının açılışında danışan ali komissar problemin ciddiliyini diqqətə çatdırıb: "Kritik faydalı qazıntılara, bərpa olunan enerji infrastrukturuna və irimiqyaslı inkişaf layihələrinə artan tələbat yerli xalqların torpaqları və əraziləri üzərindəki təzyiqi getdikcə artırır. Qlobal iqtisadiyyatın daha ekoloji modelə keçidi mütləqdir, lakin bu keçid yerli xalqların hüquqları hesabına baş verməməlidir".
Volker Türk qeyd edib ki, əksər hallarda faydalı qazıntıların çıxarılması, meşələrin qırılması və genişmiqyaslı kənd təsərrüfatı fəaliyyətləri yerli xalqların razılığı olmadan həyata keçirilir. Bu isə onların tarixi torpaqlarının və ənənəvi həyat tərzinin məhv edilməsinə yol açır.
Ali Komissar öz çıxışında yerli xalqların hüquq müdafiəçilərinə qarşı təqiblərin hələ də davam etdiyini vurğulayıb. Onun sözlərinə görə, 2023-2025-ci illər ərzində dünyada öldürülən və ya məcburi şəkildə itkin düşən hüquq müdafiəçilərinin azı 15%-ni məhz yerli xalqların nümayəndələri təşkil edib.



