P. Diddy Mayamidəki malikanəsini 55 milyon dollara satdı
ABŞ-lı repçi P. Diddy Mayaminin məşhur "Star Island" bölgəsində yerləşən dəbdəbəli malikanəsini 55 milyon dollara satıb.
AFN.az xəbər verir ki, bu barədə şou-biznes xəbərləri yayan TMZ portalı məlumat yayıb.
Məlumata görə, sövdələşmə rəsmi bazardan kənar, qapalı şəkildə həyata keçirilib. Alıcı bu mülkü əldə etmək üçün bankdan 18,5 milyon dollar məbləğində ipoteka krediti götürüb. Sözügedən malikanə repçinin 2021-ci ildə tanınmış müğənni Qloriya Estefandan aldığı evdir. Qeyd olunur ki, federal agentlər tərəfindən axtarış aparılan digər qonşu malikanə isə hələ də repçinin mülkiyyətində qalmaqdadır.
Xatırladaq ki, 2025-ci ilin oktyabrında Nyu-York məhkəməsi Şon Kombsu insanları fahişəliyə cəlb etmək məqsədilə daşıma ittihamı ilə 4 ildən çox (50 ay) müddətinə azadlıqdan məhrum edib. Musiqiçinin vəkilləri onun 14 aylıq həbslə (istintaq dövründə saxlanılma müddəti nəzərə alınmaqla) azad olunmasını istəsə də, prokurorluq 11 ildən çox cəza tələb etmişdi.
Həmin ilin iyul ayında isə andlılar məhkəməsi onun barəsində irəli sürülən daha ağır ittihamlar — hədə-qorxu ilə tələb etmə və insan alveri maddələri üzrə repçini təqsirsiz hesab etmişdi. Hazırda o, Nyu-Cersidəki federal həbsxanada cəzasını çəkir.



