Çexiyada bağça və məktəblərdə mobil telefonlar qadağan edilir
Çexiya hökuməti uşaq bağçalarında, ümumtəhsil məktəblərində, gimnaziyaların aşağı siniflərində və musiqi məktəblərində elektron qadcetlərdən istifadəni qadağan edən qanun layihəsini dəstəkləyib.
AFN.az xəbər verir ki, bu barədə ČTK agentliyi məlumat yayıb.
Qərara əsasən, uşaqlar dərs zamanı, tənəffüslərdə, məktəb yeməkxanalarında, uzadılmış gün qruplarında və dərnəklərdə mobil telefon, planşet və noutbuklardan istifadə edə bilməyəcəklər. Məhdudiyyət yalnız tibbi zərurət yarandıqda (məsələn, diabet xəstəsi olan uşaqların şəkər səviyyəsinə nəzarət üçün) və dərs prosesi, eləcə də ekskursiyalar zamanı təlim məqsədilə istisna edilə bilər.
Parlamentə təqdim olunan qanun layihəsinin 2027-ci il sentyabrın 1-dən qüvvəyə minməsi nəzərdə tutulub.
