Pentaqon Rusiyanın 32 elmi müəssisəsini qara siyahıya saldı
ABŞ Hərbi Nazirliyi Rusiyanın 32 elmi-tədqiqat institutu və universitetini "qara siyahı"sına daxil edib. İdarə həmin müəssisələrin ABŞ texnologiyalarının icazəsiz transferi ilə məşğul olduğunu iddia edir.
AFN.az xəbər verir ki, ümumilikdə Pentaqon yenilənmiş siyahıya Rusiya, Çin və İrandan 130 akademik və tədqiqat təşkilatını əlavə edib. Siyahıya xüsusilə MQU, N.E.Bauman adına MQTU, N.Q.Kuznetsov adına Hərbi Dəniz Akademiyası, "Kurçatov İnstitutu" Milli Tədqiqat Mərkəzi, MAİ, MFTİ, HİE MÜ, "Dəniz sualtı silahı - Hidroqurğu" konserni, Rusiyanın birinci prezidenti B.N.Yeltsin adına Ural Federal Universiteti daxil edilib.
Bu qərar təcrübədə o deməkdir ki, Pentaqon siyahıya daxil etdiyi təşkilatlarla elmi-tədqiqat sahəsində əməkdaşlıq etməyəcək. ABŞ hərbi idarəsinə, həmçinin bu tür təşkilatlarla əməkdaşlıq çərçivəsində öz büdcə vəsaitlərini qrant kimi istifadə etmək və ya onlar ilə müqavilələrin ödənişini həyata keçirmək qadağan edilir.


