“Səhər” telekanalı və “Mehr” xəbər agentliyinin fəaliyyəti qanunsuz hesab edildi - MEDİA bəyanat yaydı


İran İslam Respublikasının Kəşfiyyat Nazirliyi tərəfindən bəzi xarici media subyektləri, o cümlədən Azərbaycan Respublikasının dövlət televiziya kanalı olan AzTV-nin “düşmən media qurumları” siyahısına daxil edilməsi və həmin qurumlarla əməkdaşlıq edən şəxslərin cinayət məsuliyyəti ilə hədələnməsi təəccüb doğurur.

AFN.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) bəyanatında bildirilib.

"Heç şübhəsiz ki, Azərbaycan Respublikası jurnalistlərin peşə fəaliyyətinin müdafiəsinə sadiq olmaqla yanaşı, qarşılıqlılıq prinsipinin tətbiqini də təmin edir. Belə ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 11.4-cü maddəsinə əsasən, Media Reyestrinə daxil edilmiş jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsinə digər dövlətlər tərəfindən xüsusi məhdudiyyətlər qoyulduqda həmin məhdudiyyətləri tətbiq etmiş dövlətin jurnalistlərinə Azərbaycan Respublikasında da eyni məhdudiyyətlər qoyula bilər.

Müvafiq maddənin tələbləri və qarşılıqlılıq prinsipi nəzərə alınaraq, Azərbaycan Respublikasının milli maraqlarına zidd fəaliyyət göstərən, ölkəmizin suverenliyi, konstitusiya quruluşu, ərazi bütövlüyü və milli təhlükəsizliyi əleyhinə təbliğat aparan media subyektlərinin“Səhər” telekanalı“Mehr” xəbər agentliyinin, həmçinin bu subyektlərin nümayəndələrinin Azərbaycan Respublikası ərazisində fəaliyyəti qanunsuz hesab edilir", - deyə MEDİA-nın bəyanatında vurğulanıb.

Sənəddə qeyd edilib ki, Agentlik Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün media subyektlərini və jurnalistləri ölkəmizin milli maraqlarına qarşı fəaliyyət göstərən yuxarıda adları çəkilən media qurumları və onların əlaqəli nümayəndələri ilə əməkdaşlıqdan çəkinməyə çağırır, media sahəsində beynəlxalq əməkdaşlığın yalnız qarşılıqlı hörmət və jurnalistlərin peşə müstəqilliyi əsasında həyata keçirilməli olduğunu bir daha vurğulayır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu