HƏMAS Qəzza planında tərksilah bəndini qəbul edib - media
Fələstinin HƏMAS hərəkatı Qəzza zolağı üzrə sülh planında indiyədək müzakirə olunan iki əsas bəndi qəbul etməyə razılıq verib.
AFN.az "Al Arabiya" telekanalına istinadən xəbər verir ki, Qəzzadakı HƏMAS rəhbərliyi hərəkatın xaricdəki rəhbərliyinə planın tərksilah və mülki idarəetmə ilə bağlı 5-ci və 8-ci bəndlərini qəbul etdiyini bildirib.
Məlumata görə, 5-ci bənd HƏMAS-ın silahlı qanadı ilə Qəzzadakı mülki idarəetmə strukturlarının bir-birindən ayrılmasını nəzərdə tutur. 8-ci bənd isə HƏMAS-ın silahlı dəstələrinin mərhələli şəkildə beynəlxalq nəzarət altında tərksilah edilməsini və silahların İsrailə deyil, Sülh Şurasının himayəsində fəaliyyət göstərəcək yeni Fələstin qurumlarına təhvil verilməsini ehtiva edir.
Qeyd edək ki, Sülh Şurasının Nizamnaməsi bu ilin yanvarında Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində 19 ölkənin nümayəndələri tərəfindən imzalanıb. Şura Qəzzanın idarə olunması və gələcəkdə digər münaqişələrin həlli məqsədilə yaradılıb.

