Netanyahu İsrailin Vaşinqtonun sorğusu olmadan İrana hücum etməyəcəyini bildirib
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla danışıqlar zamanı Təl-Əvivin Vaşinqtonun müvafiq müraciəti və ya sorğusu olmadan öz təşəbbüsü ilə İrana zərbələr endirməyəcəyini bildirib.
AFN.az xəbər verir ki, bu barədə İsrail mənbələrinə istinadən "Associated Press" (AP) agentliyi məlumat yayıb.
Məlumata görə, Netanyahu İranın cavab hücumu edəcəyi təqdirdə İsrailin cavab zərbəsi endirmək hüququnu özündə saxladığını vurğulayıb. O, həmçinin Vaşinqtona İranla bağlı yeni kəşfiyyat məlumatlarının ötürülməsinin davam etdiriləcəyini bildirib. İsrail hökumətinin başçısı ABŞ-ın bu münaqişədə ərəb müttəfiqlərinin də mövqeyini nəzərə almalı olduğunu anladıqlarını və Vaşinqtonun qəbul edəcəyi hər bir qərarı dəstəkləyəcəklərini ifadə edib.
Xatırladaq ki, bundan əvvəl "Al-Monitor" nəşri Netanyahunun Trampla görüşdə İranın sənaye və nəqliyyat infrastrukturuna yeni zərbələr endirmək planlarını təqdim etmək niyyətində olduğunu bildirmişdi.
