Johnson & Johnson pudra iddiaları ilə bağlı 5,5 milyard dollarlıq barışıq təklif etdi



Johnson & Johnson şirkəti uşaq pudrası məhsullarının yumurtalıq xərçənginə səbəb olduğu iddiası ilə açılan minlərlə məhkəmə işini başa çatdırmaq üçün 5,5 milyard dollara qədər ödəniş etməyi təklif edib.

AFN.az xəbər verir ki, şirkətin yaydığı açıqlamada 2027-ci ildə iddiaçılara 3 milyard dollara qədər ödəniş edilməsinin, qalan məbləğin isə 2028-ci ildən sonrakı dövrə keçirilməsinin nəzərdə tutulduğu bildirilib. Təklifin qüvvəyə minməsi üçün iddiaçıların ən azı 95 faizini təmsil edən hüquq şirkətləri tərəfindən qəbul edilməsi tələb olunur.

Barışıq təklifi şirkətə qarşı qaldırılmış təxminən 76 min iddianı əhatə edir. Johnson & Johnson rəhbərliyi bu addımla artıq 15 ildir davam edən hüquqi prosesi tamamilə geridə qoymağı hədəfləyir.

Şirkət talk əsaslı uşaq pudralarının tərkibində xərçəng yaradan asbest maddəsinin olması ilə bağlı iddiaları rədd edir və bu məhkəmə işlərinin elmi əsaslara söykənmədiyini bildirir.

Johnson & Johnson məhsul portfelini sadələşdirmək məqsədilə talk əsaslı uşaq pudrasının Şimali Amerikada satışını 2020-ci ildə dayandırıb, 2023-cü ildə isə qlobal miqyasda qarğıdalı nişastası əsaslı formulaya keçid edib.

İddiaçı tərəfin vəkilləri barışıq təklifini ədalətin təmin olunması istiqamətində müsbət addım kimi qiymətləndirir, eyni zamanda yekun ödəniş məbləğinin şəraitdən asılı olaraq arta biləcəyini bildirirlər.

Bununla yanaşı, indiyədək məhkəmə proseslərində müxtəlif qərarlar qəbul olunub. Şirkət bəzi işlər üzrə bəraət alıb, bəzi hallarda isə yüksək məbləğdə təzminat ödəməyə məhkum edilib.

Ötən aylarda Los-Anceles məhkəməsi asbest təsiri nəticəsində xərçəngdən vəfat edən bir qadının ailəsinə 966 milyon dollar təzminat ödənilməsi barədə qərar çıxarmışdı. Şirkət isə həmin qərardan apellyasiya şikayəti verəcəyini açıqlayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu