Yunanıstanda çamadanda şotlandiyalı qadının meyiti tapılıb



Yunanıstanda tərk edilmiş binada çamadanın içərisində Şotlandiya vətəndaşı olan bir qadının meyiti aşkarlanıb. Hadisə ilə bağlı genişmiqyaslı istintaq başladılıb.

AFN.az xəbər verir ki, Şotlandiya Polisi iyulun 18-də Afinanın Kypseli məhəlləsində evsiz şəxs tərəfindən tapılan qadınla bağlı Yunanıstan rəsmiləri ilə əlaqə saxladıqlarını təsdiqləyib.

Yunanıstanın dövlət televiziyası ERT-nin məlumatına görə, 38 yaşlı Elisabeth-Jane Ross ötən ay Kiprdən Yunanıstana səfər edib.

İlkin ehtimallara əsasən, qadın meyiti aşkarlanmazdan təxminən 5-7 gün əvvəl həyatını itirib.

Yunanıstan polisi bildirib ki, tapılan meyit Böyük Britaniya vətəndaşına məxsusdur. Interpol vasitəsilə əldə edilən barmaq izi məlumatlarının 1988-ci il təvəllüdlü qadınla uyğun gəldiyi müəyyən edilib.

Məhkəmə-tibb ekspertizasının nəticələri hələ hazır olmadığından ölüm səbəbi müəyyənləşdirilməyib. Yerli hüquq-mühafizə orqanları şəxsiyyətin tam təsdiqlənməsi üçün Böyük Britaniya rəsmilərindən əlavə məlumat gözləyirlər.

Polis rəsmilərindən biri bildirib ki, qadının Yunanıstana nə vaxt, necə və kiminlə gəldiyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir. İstintaq davam etdiyindən hazırda əlavə məlumat verilmir.

Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Ofisi ailəyə konsulluq dəstəyi göstərildiyini və Yunanıstan hakimiyyəti ilə sıx əlaqə saxlanıldığını təsdiqləyib.

Şotlandiya Polisi də açıqlamasında Afinada şotlandiyalı qadının ölümü barədə məlumatlı olduqlarını, Yunanıstan hüquq-mühafizə orqanları ilə koordinasiyalı şəkildə işlədiklərini və qadının Şotlandiyadakı ailəsinə dəstək verildiyini bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu