Amazon meşələrinin altında yüzlərlə gizli tikili aşkarlandı
Amazon yağış meşələrinin altında aparılan yeni LIDAR tədqiqatı qədim dövrə aid yüzlərlə gizli tikilini üzə çıxarıb. Əldə edilən nəticələr bölgədəki qədim sivilizasiyanın indiyədək düşünüləndən daha böyük olduğunu və ən inkişaf etmiş dövründə milyonlarla insana ev sahibliyi etmiş ola biləcəyini göstərir.
Eramızdan əvvəl 600-cü ildən eramızın 850-ci ilinə qədər Amazonun cənub-qərbində mövcud olmuş Aquiry sivilizasiyası bölgədə xəndəklərlə əhatələnmiş nəhəng həndəsi torpaq quruluşları (geoqliflər) inşa edib.
Helsinki Universitetinin arxeoloq-antropoloqu Martti Parssinenin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu LIDAR texnologiyası ilə həyata keçirdiyi havadan lazer skanları vasitəsilə yağış meşələrinin altında gizlənən tikililəri xəritələşdirib.
Tədqiqatçılar ümumilikdə 4497 kvadrat kilometr ərazini araşdıraraq, onlardan 396-sı ilk dəfə aşkar edilən ümumilikdə 432 torpaq quruluşunu müəyyən ediblər. Araşdırılan sahənin bütün Amazon bölgəsinin cəmi 3 faizindən az hissəsini əhatə etməsi sivilizasiyanın miqyasının nə qədər böyük olduğunu göstərir.
Mövcud məlumatlara əsasən alimlər hesab edirlər ki, Aquiry sivilizasiyası eramızın təxminən 200-cü ilində 183 min kvadrat kilometr əraziyə yayılmışdı. Bölgədə 24-30 min arasında torpaq quruluşunun olduğu, əhalinin isə 1,2-3 milyon nəfərə çatdığı ehtimal edilir.
Tədqiqatçılar bildirirlər ki, Aquiry mədəniyyəti vahid krallıq və ya imperiyadan daha çox ortaq ənənələrlə bir-birinə bağlı icmalardan ibarət olub. Yaşayış evləri əsasən ağacdan tikildiyi üçün günümüzə qədər gəlib çatmayıb. Bununla belə, mərasim və siyasi toplantılar üçün istifadə olunan dərin xəndəkli tikililərə geniş yolların birləşdiyi müəyyən edilib.
LIDAR araşdırmasının nəticələri Amazon yağış meşələrinin tamamilə insan əli dəyməmiş ərazi olması ilə bağlı ənənəvi təsəvvürün yenidən qiymətləndirilməli olduğunu ortaya qoyur.
Alimlər bildirirlər ki, eramızın 200-cü illərində bölgədə qarğıdalı, maniok, balqabaq və pambıq sahələri ilə əhatə olunmuş yaşayış məntəqələri mövcud olub. Ətraf meşələr isə meyvə və qoz ağaclarının məqsədli şəkildə idarə edildiyi insan təsiri altındakı ekosistemlərdən ibarət idi.
Eramızın təxminən 850-ci ilində yoxa çıxan Aquiry sivilizasiyasının hansı səbəbdən süqut etdiyi və 1000-ci ilə qədər bölgədə nələrin baş verdiyi ilə bağlı araşdırmalar davam edir.
Tədqiqatın nəticələri Nature jurnalında dərc olunub.

