Fransada gənc cütlüyün evində beş körpənin qalıqları tapılıb
Fransanın cənubundakı Oranj şəhərində polis evdə ehtimal ki, beş körpəyə aid olan sümüklər və parçalanmış cəsəd aşkar edib.
AFN.az xəbər verir ki, bu barədə "Reuters" prokurorluqdakı mənbələrə istinadən məlumat yayıb.
Dəhşətli fakt 8 və 9 yaşlı iki uşaq anası olan 32 yaşlı qadının bazar günü yeni uşaq dünyaya gətirməsindən sonra üzə çıxıb.
Prokurorluğun məlumatına görə, qadının tərəfdaşı hamiləlikdən çox gec xəbər tutub və dərin şok keçirərək evi gəzməyə başlayıb. Axtarış zamanı o, insan qalıqlarına bənzəyən əşyalar tapıb və dərhal qadının yerləşdirildiyi xəstəxana vasitəsilə səlahiyyətli orqanlara məlumat verib.
Cütlüyün evində aparılan axtarışdan sonra polis çərşənbə ertəsi qətl şübhəsi ilə cinayət işi açıb.
Hadisə yerinə gələn məhkəmə-tibbi eksperti ilkin olaraq tapılan sümüklərin və parçalanmış cəsədin böyük ehtimalla beş körpənin qalıqları olduğunu müəyyən edib.
Qadının 32 yaşlı həyat yoldaşı müstəntiqlərə tərəfdaşının digər ehtimal olunan hamiləlikləri haqqında heç bir məlumatı olmadığını bildirib.
Prokurorluq uşaq mühafizə xidmətlərinə cütlüyün 8 və 9 yaşlı iki uşağının vəziyyətini təcili qiymətləndirməyi tapşırıb. Bundan əlavə, bazar günü doğulmuş körpə ilə bağlı iş yetkinlik yaşına çatmayanların işləri üzrə hakimlərə təhvil verilənədək onun dövlət mühafizəsinə verilməsi haqqında müvəqqəti qərar qəbul edilib.
Körpənin anası xəstəxanada qalmaqda davam edir — o, evdə doğum etdikdən bir gün sonra oraya çatdırılıb. Hələlik müstəntiqlər onu dindirə bilməyiblər.
Prokurorluq tapılan cəsədin yarılmasını təyin edib. Aşkarlanmış sümüklər antropoloji tədqiqat üçün ixtisaslaşdırılmış laboratoriyaya göndəriləcək.


