Kuba bəzi sahələri özəl təşəbbüslərə açır



Kuba hökuməti yanacaqdoldurma məntəqələri, apteklər və bir sıra digər sahələri özəl təşəbbüslər üçün açacağını açıqlayıb.

AFN.az xəbər verir ki, yerli mətbuatın yaydığı məlumata görə, parlamentdə iyunun 20-də qəbul edilən bazar iqtisadiyyatına keçidi nəzərdə tutan 176 maddəlik islahat paketi çərçivəsində enerji və əczaçılıq sahələri ilə yanaşı, qocalar evləri, sərnişin və yük terminalları, liman obyektləri, avtomobil idxalı, bərpa olunan enerji, həmçinin müəyyən şərtlərlə neft və mədənçilik fəaliyyəti də özəl sektor investisiyalarına açılacaq.

Parlamentin növbəti iclasında kənd təsərrüfatı, mənzil siyasəti, inzibati yenidənqurma və əmək qanunvericiliyi ilə bağlı müxtəlif qanun layihələrinin də müzakirəyə çıxarılması planlaşdırılır.

Kənd təsərrüfatı sahəsində torpaqların dövlət mülkiyyətində qalması nəzərdə tutulur. Bununla yanaşı, yerli və xarici fermerlərə, kooperativlərə və özəl şirkətlərə verilən istifadə hüquqlarının əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır.

Mənzil sahəsində isə Kuba vətəndaşlarına şəhərlərdə ikinci mənzilə sahib olmaq imkanı veriləcək. Həmçinin ölkədə ilk dəfə olaraq ipoteka sistemi tətbiq ediləcək.

Bununla belə, Kuba hakimiyyəti səhiyyə və təhsil xidmətləri, kütləvi informasiya vasitələri, telekommunikasiya, təhlükəsizlik, müdafiə və tütün sənayesi kimi strateji sahələrin dövlət nəzarətində qalacağını bildirib.

Baş nazir Manuel Marrero parlamentdə çıxışı zamanı bildirib ki, iyun ayında təsdiqlənən bazar yönümlü 176 islahat tədbirindən 110-u artıq tətbiq edilir, qalan dəyişikliklər isə sentyabr ayından etibarən qüvvəyə minəcək.

Marrero qeyd edib ki, nümunə olaraq yanacağın topdansatış ticarəti ilə məşğul olmaq üçün 100-dən çox qeyri-dövlət subyektinə icazə verilib. Bundan əlavə, o, təfərrüat açıqlamadan yanacağın idxalı, paylanması və satışını əhatə edən ilk xarici investisiya layihəsinin də təsdiqləndiyini bildirib.

Rəsmilərin məlumatına görə, adada fəal əmək qabiliyyətli əhalinin üçdə birindən çoxunu işlə təmin edən 15 mindən artıq kiçik və orta sahibkarlıq subyekti (KOBİ) fəaliyyət göstərir.

Xatırladaq ki, Kuba Xalq Hakimiyyəti Milli Assambleyası (ANPP) son onilliklərin ən ağır iqtisadi böhranlarından birini yaşayan ölkədə liberallaşma və yerli idarəetmənin gücləndirilməsini nəzərdə tutan islahat paketini iyunun 20-də qəbul etmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu