ABŞ İrana qarşı yeni hücum dalğasını başa çatdırdığını açıqladı
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İordaniyadakı ABŞ hərbi bazalarına edilən hücumlara cavab olaraq İran İnqilab Keşikçiləri Korpusunun hədəflərinə qarşı yeni hücum dalğasını başa çatdırdığını bildirib.
AFN.az xəbər verir ki, CENTCOM-un yaydığı açıqlamada ABŞ Şərq vaxtı ilə saat 22:00-da (Bakı vaxtı ilə 06:00) ABŞ qüvvələrinin amerikalı hərbçilərə qarşı həyata keçirilən hücumlara cavab olaraq başladılan yeni zərbələr silsiləsini tamamladığı qeyd olunub.
Açıqlamaya əsasən, yeni hücum dalğası zamanı İran İnqilab Keşikçiləri Korpusuna məxsus hərbi komanda mərkəzləri, raket və pilotsuz uçuş aparatları (PUA) obyektləri, sahil müşahidə və müdafiə mərkəzləri, eləcə də dəniz əməliyyat imkanları hədəfə alınıb.
CENTCOM bildirib ki, həyata keçirilən zərbələrin məqsədi İranın və ona bağlı silahlı qrupların ABŞ qüvvələrinə, beynəlxalq ticarət gəmiçiliyinə və qonşu Körfəz ölkələrinə yönələn təhdidlərini daha da azaltmaq olub.
Açıqlamada həmçinin xatırladılıb ki, İran iyulun 28-də axşam saatlarında İordaniyada yerləşən ABŞ hərbi bazasına hücum həyata keçirib. Bildirilib ki, hazırda 50 mindən çox ABŞ hərbçisi Yaxın Şərqdə döyüş hazırlığı vəziyyətində xidmətini davam etdirir.
