Tramp və Netanyahunun Ağ Evdə 90 dəqiqəlik görüşü keçirilib
ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Binyamin Netanyahu Ağ Evin Oval kabinetində təxminən saat yarım davam edən görüşü başa vurublar.
AFN.az xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.
ABŞ administrasiyasından bildirilib ki, danışıqlar "müsbət və məhsuldar" keçib. Ağ Evin məlumatına görə, görüş yerli vaxtla təxminən saat 12:25-də yekunlaşıb və bundan sonra Netanyahu prezident rezidensiyasını tərk edib.
Danışıqlarda həmçinin ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens, dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset və ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff iştirak ediblər.
İsrail Baş nazirinin dəftərxanası tərəfindən yayımlanan fotolarda Netanyahu və Rubionun Oval kabinetdə əl sıxması, eləcə də Tramp, Netanyahu və Vensin birgə kadrları əks olunub.
Görüşün məzmunu ilə bağlı rəsmi təfərrüatlar danışıqlardan dərhal sonra açıqlanmayıb. Əvvəlcədən bildirildiyi kimi, liderlərin İran ətrafındakı vəziyyəti, İsrail qüvvələrinin Livanın cənubundakı mövcudluğunu və İsrailin ərəb ölkələri ilə münasibətlərinin normallaşdırılmasına dair "İbrahim sazişləri"nin genişləndirilməsini müzakirə etməsi planlaşdırılırdı.
Ağ Evin mətbuat katibi Kerolayn Levitt də Trampın Netanyahu ilə görüşünü və Amerika prezidentinin Ukrayna lideri Volodimir Zelenski ilə keçirdiyi ayrıca danışıqları "müsbət və məhsuldar" kimi qiymətləndirib.
