Mərakeşdən İspaniyaya miqrant axını başlayıb



Mərakeşin Kastilyexos sahillərindən İspaniyanın Şimali Afrikadakı Seuta şəhərinə üzərək keçməyə çalışan 800-dən çox qeyri-qanuni miqranta müdaxilə edilib.

AFN.az xəbər verir ki, İspaniyanın rəsmi EFE agentliyinin məlumatına görə, qeyri-qanuni miqrantlar Seuta şəhəri yaxınlığında yerləşən Mərakeşin Kastilyexos qəsəbəsinin sahillərindən hərəkət ediblər.

Əksəriyyətinin MərakeşƏlcəzair vətəndaşları olduğu bildirilən, üzərək İspaniyaya keçməyə çalışan 800-dən çox miqranta həm Mərakeş, həm də İspaniyaya məxsus patrul katerləri ilə müdaxilə olunub.

İspaniyanın dəniz təhlükəsizliyi və xilasetmə xidməti dənizdən 300-dən çox nəfəri xilas edib, 2 nəfərin meyiti aşkarlanıb. Bundan əlavə, İspaniya Qızıl Xaçı ilə birgə həyata keçirilən əməliyyat nəticəsində 117 nəfər sudan çıxarılıb.

İspaniyanın təhlükəsizlik qüvvələri isə təxminən 200 nəfəri patrul katerlərinin müşayiəti ilə təhlükəsiz əraziyə çatdırıb.

Mərakeş rəsmiləri də İspaniya sahillərinə çata bilməyən miqrantlara yardım göstərmək üçün dəniz qüvvələrini bölgəyə göndəriblər.

Bu arada Associated Press (AP) agentliyinin yaydığı məlumata görə, əksəriyyəti mərakeşli olan minlərlə qeyri-qanuni miqrant Mərakeşlə Seuta arasındakı 3 kilometrlik Tarajal sərhəd keçid məntəqəsinə axışıb.

Seuta Muxtar Şəhərinin rəhbəri Xuan Xesus Vivas sərhədə əlavə polis və hərbçilərin göndərilməsi üçün mərkəzi hökuməti ölkə üzrə fövqəladə vəziyyət elan etməyə çağırıb.

İspaniyanın Baş naziri Pedro Sançes sosial media hesabında yaydığı açıqlamada hökumətin hadisə ilə bağlı bütün mövcud resursları səfərbər etdiyini bildirib.

Sançes "İspaniya hökuməti Seutadakı vəziyyətə təcili reaksiya verməkdə tam qətiyyətlidir" deyərək, Mərakeş və beynəlxalq tərəfdaşlarla koordinasiyalı şəkildə çalışdıqlarını, bölgədə normal vəziyyətin ən qısa müddətdə bərpa olunması üçün zəruri tədbirlərin hazırlandığını vurğulayıb.

Baş nazir əlavə edib ki, o, Seuta Muxtar Şəhərinin rəhbəri Xuan Xesus Vivas ilə hökumətin atdığı addımları da müzakirə edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu