BMT Təhlükəsizlik Şurası yeni Baş katib üçün ilk ilkin səsverməni keçirdi



Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) ilin sonunda səlahiyyət müddəti başa çatacaq Baş katib Antonio Quterreşin yerinə tövsiyə ediləcək namizədin müəyyənləşdirilməsi üçün ilk gizli ilkin səsverməni keçirib.

AFN.az xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının aylıq sədri olan Konqo Demokratik Respublikasının BMT-dəki daimi nümayəndəsi Zenon Mukonqo Nqay ilkin səsvermədən sonra jurnalistlərə açıqlama verib.

Nqay bildirib ki, ilk ilkin səsvermənin nəticələri namizədləri irəli sürən üzv dövlətlərin daimi nümayəndələrinə və BMT Baş Assambleyasının sədrliyinə təqdim olunacaq. O, nəticələrin mətbuata açıqlanmayacağını deyib.

Nəticələrin niyə ictimaiyyətə açıqlanmadığı ilə bağlı suala cavab verən Nqay "Bunun arxasındakı məqsəd bütün prosesi məxfi saxlamaqdır. Eyni zamanda şəffaflıq və səmərəlilik istəyirik, bu mövzuda spekulyasiyaların yaranmasını istəmirik" ifadələrini işlədib.

Jurnalistin "Həm şəffaflıqdan danışıb, həm də nəticələri gizlətmək doğrudurmu?" sualına cavab olaraq isə Nqay bunun şəxsi qərarı deyil, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi prosedur olduğunu xatırladıb.

O əlavə edib ki, növbəti ilkin səsvermənin vaxtı hələ müəyyənləşdirilməyib və bu proses gələn ay Şuraya sədrlik edəcək Danimarkanın rəhbərliyi altında davam etdiriləcək.

Yeni BMT Baş katibi uğrunda 7 namizəd yarışır

31 dekabrda vəzifəsini başa vuracaq Antonio Quterreşin yerinə keçmək üçün hazırda 7 namizəd mübarizə aparır.

Namizədlər sırasında Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi, BMT-nin sabiq İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet, Seneqalın keçmiş prezidenti Maki Sall, BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi vəzifəsindən namizədliyi üçün məzuniyyətə çıxan Rebeka Qrinspan, BMT Baş Assambleyasının sabiq sədri Mariya Fernanda Espinosa, Qayananın BMT-dəki daimi nümayəndəsi Karolin Rodriqes Birkett və ötən həftə namizədliyini irəli sürən, vaxtilə Uqandanın BMT-dəki daimi nümayəndəsi olmuş Olara Otunnu yer alırlar.

15 üzvdən ibarət BMT Təhlükəsizlik Şurasında keçiriləcək qapalı iclaslarda ən azı 9 "lehinə" səs toplayan və daimi üzvlər – ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransanın vetosuna məruz qalmayan namizəd BMT Baş Assambleyasının təsdiqinə təqdim olunacaq.

BMT Nizamnaməsində Şuranın birdən çox namizəd irəli sürməsi qadağan edilməsə də, uzun illərdir formalaşmış praktikaya əsasən, Təhlükəsizlik Şurasının yalnız bir namizəd üzərində razılığa gələrək onu Baş Assambleyaya təqdim etməsi gözlənilir.

Ekspertlərin fikrincə Şura üzvlərinin vahid namizəd üzərində razılığa gəlməsi müəyyən vaxt aparacaq. Yeni Baş katibin ən tez sentyabrda, ən gec isə dekabrda müəyyənləşəcəyi gözlənilir.

193 üzvlü BMT Baş Assambleyasında səs çoxluğu qazanan namizəd 1 yanvar 2027-ci il tarixindən etibarən 5 il müddətinə BMT-nin yeni Baş katibi vəzifəsinə başlayacaq.

Qeyd edək ki, Portuqaliya vətəndaşı Antonio Quterreş 2016-cı ildən etibarən iki müddətdir BMT Baş katibi vəzifəsini icra edir və onun səlahiyyət müddəti bu il 31 dekabrda başa çatacaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu