ABŞ və BƏƏ hərbi süni intellekt üzrə ilk birgə işçi qrupunu yaradacaq
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hərbi süni intellekt texnologiyalarının inkişafı üçün ilk ikitərəfli işçi qrupunun yaradılması barədə razılığa gəlib.
AFN.az CENTCOM-a istinadən xəbər verir ki, "Task Force Talon Synapse" adlanan qrupun qərargahı Əbu-Dabidə yerləşəcək və yaxın həftələrdə fəaliyyətə başlayacaq. Qrupa ABŞ və BƏƏ-dən süni intellekt, məlumat analitikası və kibertəhlükəsizlik sahəsində 20-yə yaxın mütəxəssis daxil olacaq.
CENTCOM-un komandanı admiral Bred Kuper bildirib ki, bu təşəbbüs hərbi əməliyyatların səmərəliliyinin artırılması və innovasiyaların sürətləndirilməsi məqsədilə süni intellekt texnologiyalarının tətbiqini genişləndirəcək.
Məlumata görə, işçi qrupunun əsas fəaliyyət istiqamətləri kəşfiyyat sistemlərinə süni intellektin inteqrasiyası, kritik infrastrukturun qorunması və regional təhlükəsizlik üzrə monitorinq olacaq.

