ABŞ-ın Afrika xəritəsi sosial mediada müzakirələrə səbəb olub
ABŞ Dövlət Departamentinin Braziliyada keçirilən qlobal konfransda təqdim etdiyi Afrika xəritəsində qitədəki bütün ölkələrin adları səhv göstərilib.
AFN.az xəbər verir ki, iştirakçıların slaydın görüntülərini sosial şəbəkələrdə paylaşmasından sonra hadisə geniş müzakirələrə səbəb olub.
Rio-de-Janeyroda keçirilən AIDS 2026 Konfransı zamanı ABŞ Dövlət Departamentinin yeni səhiyyə sazişlərinə dair təqdimatında nümayiş etdirilən xəritə tənqidlərə məruz qalıb.
Araşdırmalar zamanı təqdimatda istifadə olunan təsvirin üzərində onun OpenAI alətləri vasitəsilə hazırlandığını göstərən süni intellekt filiqranının (su nişanı) olduğu müəyyən edilib. Şirkət məsələ ilə bağlı araşdırmaya başladığını açıqlayıb.
ABŞ Dövlət Departamenti yaydığı açıqlamada baş verən qarışıqlığa görə bütün məsuliyyəti öz üzərinə götürdüyünü bildirib. Qeyd olunub ki, səhv təqdimatdan əvvəl slaydların əməkdaşlardan biri tərəfindən tələsik dəyişdirilməsi nəticəsində baş verib.
Səhvlərlə dolu xəritədə Niger ABŞ hərbi qüvvələrinin yerləşdiyi, lakin dənizə çıxışı olmayan ölkə kimi səhv mövqedə göstərilib. Cənub-Şərqi Afrikada yerləşən Mozambik Afrika Buynuzu bölgəsinə köçürülüb, Qərbi Afrikadakı Kot-d'İvuar isə qitənin şərq hissəsində yerləşdirilib.
Xəritənin görüntüləri ilk dəfə QİÇS üzrə mütəxəssis Emili Bass tərəfindən paylaşılıb.
Məsələni şərh edən ekspertlər bildiriblər ki, təqdimatı hazırlayan və təsdiqləyən şəxslər Afrika ölkələrinin coğrafi yerləşməsini bilməyiblər və məlumatları yoxlamağa ehtiyac duymayıblar.
Konfransdakı təqdimatı ABŞ-ın QİÇS-lə Mübarizə üzrə Fövqəladə Planı (PEPFAR) proqramının yüksək vəzifəli səhiyyə nümayəndəsi Ceff Qraham təqdim edib.
ABŞ Dövlət Departamenti vurğulayıb ki, xəritə ilə bağlı qalmaqala baxmayaraq, konfrans çərçivəsində keçirilən görüşlər məhsuldar keçib və Afrika ölkələri ilə QİÇS-lə mübarizə sahəsində əməkdaşlıq davam etdiriləcək.



