Rusiyanın hazırladığı xərçəng peyvəndi ilk klinik sınaqlarda müsbət nəticə verib



Rusiyada fərdiləşdirilmiş melanoma peyvəndi tətbiq edilən ilk xəstənin səhhətinin qənaətbəxş olduğu və xəstəliyə qarşı tələb olunan immun cavabın formalaşdığı bildirilib.

AFN.az xəbər verir ki, bu barədə peyvəndin hazırlanmasında iştirak edən mütəxəssislər məlumat yayıblar.

Peyvəndin hazırlanmasında iştirak edən Qamaleya Elmi-Tədqiqat İnstitutunun elmi direktoru Aleksandr Ginzburq bildirib ki, bu ilin aprel ayında ilk dozanı qəbul edən 60 yaşlı üçüncü mərhələ melanoma xəstəsinin müalicəsi davam etdirilir.

Onun sözlərinə görə, aparılan müayinələr zamanı orqanizmin şiş və metastazlarla mübarizə aparmaq üçün zəruri aktiv birləşmələri istehsal etdiyi müəyyən edilib və immunoloji cavab olduqca müsbət qiymətləndirilib.

Rusiya Səhiyyə Nazirliyi ötən il inkişaf etmiş mərhələdə melanoma üçün hazırlanmış "Neooncovac" adlı mRNT əsaslı peyvəndin, həmçinin kolorektal xərçəngin müalicəsi üçün nəzərdə tutulan "Oncopept" adlı peptid preparatının istifadəsinə icazə verib.

Qamaleya İnstitutunun nümayəndələri fərdiləşdirilmiş melanoma peyvəndinin yaxın vaxtlarda daha 10 xəstə üçün hazırlanacağını, istehsal prosesinin isə bir-üç ay ərzində başa çatacağını açıqlayıblar.

Bu müalicə üsulu xəstəliyi birbaşa aradan qaldırmaq deyil, immun sisteminə xərçəng hüceyrələrini tanımağı və məhv etməyi öyrətməyi hədəfləyir. Bunun üçün xəstənin şişindən və sağlam toxumasından götürülən nümunələrin genetik analizi aparılır və əldə olunan nəticələr əsasında yalnız həmin şəxs üçün xüsusi peyvənd hazırlanır.

Rusiya Milli Tibbi Radiologiya Araşdırma Mərkəzinin rəhbəri Andrey Kaprin bildirib ki, bu texnologiya xərçəngin müalicəsində tamamilə yeni yanaşma təqdim edir.

Eyni zamanda "Oncopept" preparatı ilə müalicə alan xəstələrdə də lazımi immun cavabın formalaşdığı qeyd olunub. Bildirilib ki, Qamaleya İnstitutu hazırda mədəaltı vəzi, böyrək və kiçikhüceyrəli olmayan ağciyər xərçənginin müalicəsi istiqamətində də tədqiqatlarını davam etdirir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu