Tramp: HƏMAS-ın silahsızlanması ilə bağlı tarixi razılaşma əldə olunub
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Qəzzada HƏMAS-ın silahı yerə qoyması ilə bağlı Barış Şurası tərəfindən tarixi razılaşma əldə edilib və silahsızlanma başa çatdıqdan sonra İsrail qüvvələri Qəzzadan geri çəkiləcək.
AFN.az xəbər verir ki, Tramp bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
ABŞ Prezidenti qeyd edib ki, Barış Şurası bu gün HƏMAS və Qəzzada fəaliyyət göstərən digər bütün silahlı qrupların tam silahsızlaşdırılması ilə bağlı tarixi razılığa gəlib.
Tramp paylaşımında "Barış Şurası HƏMAS və Qəzzadakı bütün digər silahlı qrupların tam şəkildə silahlarını təhvil verməsi barədə bu gün tarixi razılaşma əldə edib" deyə qeyd edib.
İsrail qüvvələrinin Qəzzadan çıxarılması məsələsinə toxunan Tramp bildirib ki, silahsızlanma prosesi irəlilədikcə İsrail ordusu mərhələli şəkildə bölgədən geri çəkiləcək.
Onun sözlərinə görə, Beynəlxalq Sabitlik Qüvvələri yeni yaradılacaq Fələstin polis qüvvəsi ilə birlikdə Qəzzanın sakinləri və qonşu ölkələr üçün təhlükəsizliyinin təmin olunmasına çalışacaq.
Tramp prosesdə vasitəçilik roluna görə Türkiyə, Qətər və Misirə təşəkkür edərək, "Tarixi irəliləyiş əldə etmişik, lakin görüləcək hələ çox iş var" ifadəsini işlədib.
ABŞ Prezidenti vurğulayıb ki, əldə olunan razılaşma Qəzzanın yeni Fələstin hökuməti tərəfindən idarə olunmasına doğru mühüm addımdır və bu proses Yaxın Şərqdə davamlı sülhün təmin olunması baxımından tarixi əhəmiyyət daşıyır.
