Yaponiyada 7,1 bal gücündə zəlzələ ölənlərin sayı 38-ə çatıb
Yaponiyanın Kumamoto prefekturasında iyulun 28-də baş verən 7,1 bal gücündə zəlzələ nəticəsində həyatını itirənlərin sayı 38 nəfərə yüksəlib.
AFN.az xəbər verir ki, bu barədə dövlət televiziyası NHK-nin yaydığı məlumatda bildirilir.
Kumamoto Prefektura Administrasiyasının rəsmisinin sözlərinə görə, dağıntılar altından yaralı çıxarılan 13 nəfərin vəziyyəti ağır olaraq qalır.
Prefektura üzrə zəlzələ nəticəsində evlər və iş yerləri də daxil olmaqla ümumilikdə 4 min 600 tikiliyə ziyan dəyib.
Hazırda 46 min ev və iş yerində su təchizatı bərpa olunmayıb. Bölgədə fəaliyyət göstərən 206 təxliyə mərkəzində 8 min 500 nəfər müvəqqəti yerləşdirilib.
Zəlzələnin episentri hesab olunan Uki və Hikava bölgələrində sakinlərin istifadəsi üçün səyyar tualet və duş kabinələri quraşdırılıb.
Prefektura Administrasiyası tərəfindən yayılan xəbərdarlıqda hava temperaturunun 38 dərəcə ətrafında olduğu bildirilib və sakinlərə günvurma riskinə qarşı ehtiyatlı olmaları tövsiyə edilib.
Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, zəlzələ iyulun 28-də yerli vaxtla saat 16:27-də Uki və Hikava bölgələrində qeydə alınıb.
10 kilometr dərinlikdə baş verən 7,1 bal gücündə zəlzələ nəticəsində yanğınlar, yolların və körpülərin çökməsi də daxil olmaqla, Kumamoto prefekturasında genişmiqyaslı dağıntılar meydana gəlib.
Xatırladaq ki, Kumamoto prefekturasında 2016-cı ilin aprel ayında baş vermiş 7 bal gücündə zəlzələ nəticəsində 277 nəfər həyatını itirmişdi.
Qeyd edək ki, dünyanın ən yüksək seysmik riskə malik ölkələrindən biri olan Yaponiya vulkanların və okean çökəkliklərinin yerləşdiyi "Sakit okean Odlar Halqası" üzərində yerləşir.



