Yaponiyada anomal istilər səbəbindən zooparkda üç şir tələf olub



Yaponiyada davam edən kəskin isti hava şəraiti Tokio şəhərindəki zooparklardan birində üç dişi şirin tələf olmasına səbəb olub.

AFN.az xəbər verir ki, Qərbi Tokioda yerləşən Tama Zooparkında son bir həftə ərzində üç dişi şir isti ilə əlaqədar yaranan sağlamlıq problemləri nəticəsində ölüb.

Zoopark rəhbərliyinin məlumatına görə, yaşı 3 ilə 15 arasında dəyişən şirlərin üzərində aparılan ekspertiza zamanı susuzlaşma (dehidrasiya)çoxsaylı orqan çatışmazlığı aşkarlanıb. Mütəxəssislər bunun ölümün əsas səbəbinin yüksək temperatur olduğunu göstərdiyini bildiriblər.

Zooparkın nümayəndəsi Miwa Kosaka BBC-yə açıqlamasında deyib ki, indiyədək belə hadisə ilə qarşılaşmayıblar. Onun sözlərinə görə, ötən il də hava isti olsa da, şirlərdə bu cür sağlamlıq problemləri müşahidə edilməmişdi.

Yaponiyada bəzi şəhərlərdə havanın temperaturu 40 dərəcəni keçir. Ölkədə yay ayları ildən-ilə daha isti və təhlükəli xarakter alır.

Tama Zooparkının yaydığı məlumata əsasən, Mugi adlı 3 yaşlı dişi şir iyulun 19-da iştahasını itirib, ertəsi gün isə ayağa qalxa bilməyib. Zoopark əməkdaşları heyvanı sərinlətmək üçün ventilyasiya sistemi və su ilə təmin edib, daha sonra ona dərialtı maye, qaraciyər dəstəkləyici preparatlar və vitaminlər tətbiq olunub. Buna baxmayaraq, Mugi iyulun 28-də ölüb.

11 yaşlı dişi şir İçiqo iyulun 31-də, 15 yaşlı Luena isə bazar günü tələf olub.

Ekspertiza hər üç şirdə sistemli susuzlaşma və çoxsaylı orqan çatışmazlığını üzə çıxarıb. Zoopark rəhbərliyi ölüm səbəbinin laborator analizlərin yekun nəticələrindən sonra rəsmən təsdiqlənəcəyini bildirib.

Digər şirlərin müalicəsi davam etdirilir. Zooparkın açıqlamasında bildirilib ki, iki erkək və bir dişi olmaqla üç şir hələ də ayağa qalxa bilmir. Onlara maye, dərman və vitamin dəstəyi göstərilir. Miwa Kosaka bəzi şirlərdə sağalma əlamətlərinin müşahidə olunduğunu qeyd edib.

Məlumata görə, dörd şir sağalma mərhələsinə keçib, altı şirin isə sağlamlıq vəziyyəti normal olaraq qalır. Həmin heyvanlar daşına bilən kondisionerlər və sənaye tipli ventilyatorlarla təchiz olunmuş xüsusi sahəyə köçürüləcək.

Tokio Universitetinin baytarlıq professoru Hideaki Karaki bildirib ki, yüksək rütubət şirlərin bədən temperaturunu tənzimləməsini çətinləşdirir. Onun sözlərinə görə, şirlər tərləmədikləri üçün nəfəsalma yolu ilə bədənlərini soyudurlar. Lakin rütubətin yüksək olması bu prosesi zəiflədir və bədən temperaturunun aşağı düşməsinə mane olur. Professor əlavə edib ki, iyulun ortalarında temperaturun qəfil yüksəlməsi heyvanların istiyə uyğunlaşması üçün kifayət qədər vaxt qoymayıb.

1964-cü ildən fəaliyyət göstərən və təxminən 260 heyvan növünə ev sahibliyi edən Tama Zooparkında şirlər ən çox maraq göstərilən heyvanlar sırasındadır.

Zoopark rəhbərliyi ötən ay qəfil istilər nəticəsində şirlərin xəstələnməsindən sonra şirlər bölməsinin və safari avtobusu xidmətinin müvəqqəti dayandırıldığını açıqlayıb.

Bu yay Yaponiya üzrə yalnız günvurma səbəbindən 43 mindən çox insan xəstəxanaya yerləşdirilib. Hökumət yüksək temperaturla bağlı xəbərdarlıqlar yayaraq vətəndaşlara sərin şəraitdə qalmağı tövsiyə edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu