Seulda ilk dəfə ən yüksək səviyyəli isti hava xəbərdarlığı elan edildi
Cənubi Koreyanın paytaxtı Seulda havanın temperaturunun gündüz saatlarında 38 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır.
AFN.az xəbər verir ki, şəhərdə ilk dəfə olaraq ən yüksək səviyyəli isti hava xəbərdarlığı elan edilib.
Yonhap agentliyinin məlumatına görə, mayın 15-dən etibarən Seulda müşahidə olunan yüksək temperatur nəticəsində 2 nəfər həyatını itirib və isti hava dalğası şəhərdə təsirini davam etdirir.
Gündüz temperaturunun 38 dərəcəyə çatacağı gözlənilən şəhərin cənub-şərq və cənub-qərbində yerləşən 11 rayon üçün ən yüksək səviyyəli xəbərdarlıq qüvvəyə minib.
Cənubi Koreyanın istilərlə bağlı xəbərdarlıq sisteminə iyunun 1-də əlavə edilən "şiddətli isti hava dalğası" səviyyəsi Seul üçün ilk dəfə tətbiq olunub.
Şəhərdə mayın 15-dən bu günədək həddindən artıq isti hava ilə əlaqədar xəstəxanaya müraciət edənlərin sayı son sutkada qeydə alınan 18 yeni hal ilə birlikdə 185 nəfərə yüksəlib.
Seul üzrə sosial obyektlər də daxil olmaqla təxminən 4 min məntəqə vətəndaşların isti havadan qorunması üçün sığınacaq kimi müəyyən edilib.
Cənubi Koreyanın Daxili İşlər Nazirliyi isə əhaliyə açıq havada uzun müddət qalmamağı, sərin məkanlarda istirahət etməyi və bol su içməyi tövsiyə edib.

