Mərakeş Seuta yaxınlığında 4 metrlik hasar tikir
Mərakeş hakimiyyəti Aralıq dənizinin Afrika sahilində yerləşən Seuta muxtar şəhəri zonasında əraziyə yeni kütləvi qanunsuz daxilolma cəhdinin qarşısını almaq üçün hündürlüyü 4 metrə çatan çəpər quraşdırır.
AFN.az xəbər verir ki, bu barədə "The Maghreb Times" xəbər portalı məlumat yayıb.
Bildirilir ki, baryer muxtar şəhərdən cəmi bir neçə kilometr məsafədə yerləşən Fnidek yaşayış məntəqəsinin kənarında ucaldılır. Məqsəd qanunsuz miqrantların birbaşa Seutaya aparan Bab-Sebta sərhəd-keçid məntəqəsinə yaxınlaşmasına imkan verməməkdir. Regionun hüquq-mühafizə orqanlarındakı mənbələrin bildirdiyinə görə, bu tədbirlər həm Fnidek rayonunda potensial toplaşmaların qarşısını almaq, həm də qanunsuz miqrant axını sərhədə çatmazdan əvvəl təhlükəsizlik qüvvələrinə müdaxilə etmək üçün daha çox imkan yaratmaq məqsədilə həyata keçirilir.
Həmçinin qeyd olunur ki, hakimiyyət Fnidekdə və Seuta ətrafında hazırvəziyyət səviyyəsini qaldırıb: regionda "minlərlə təhlükəsizlik qüvvələri, köməkçi qüvvələr və jandarm əməkdaşları, eləcə də silahlı qüvvələrin bölmələri" yerləşdirilib. Sosial şəbəkələrdə avqustun 15-nə planlaşdırılan muxtar şəhərlə sərhədin yeni kütləvi qanunsuz keçilməsi aksiyasına hazırlıq barədə anonim mesajların yayılmasından sonra Seuta zonasında xüsusi tədbirlər görülür.
