İsveçrə 45 təşkilatı və 9 fiziki şəxsi anti-Rusiya sanksiyaları siyahısına daxil edib
İsveçrə hakimiyyəti Avropa İttifaqının ardından anti-Rusiya sanksiyaları siyahısını genişləndirərək ora 45 təşkilat və 9 fiziki şəxs əlavə edib.
AFN.az-ın xəbərinə görə, Konfederasiyanın İqtisadiyyat üzrə Dövlət Katibliyinin bəyanatında bildirilir ki, tədbirlər avqustun 11-i saat 23:00-da (Moskva vaxtı ilə 12 avqust 00:00) qüvvəyə minir.
Qara siyahıya ilk dəfə olaraq "Rostex"in icraçı direktoru Oleg Yevtuşenko, Birləşmiş Gəmiqayırma Korporasiyasının keçmiş rəhbəri Aleksey Raxmanov və biznesmen Tahir Qarayev də daxil olmaqla doqquz fiziki şəxs düşüb. Onlara qarşı məhdudiyyətlərin tətbiq olunmasına Rusiya hərbi-sənaye kompleksi və "kölgə donanması" ilə əlaqələr əsas gətirilib. Siyahıya həmçinin PUA-ların, hərbi elektronikanın istehsalı və komponentlərin təchizatı ilə məşğul olan 45 şirkət və təşkilat daxil edilib.
İyunun 15-də Brüssel yuxarıda adı çəkilən şəxslərə və təşkilatlara qarşı analoji məhdudiyyətlər tətbiq etmişdi.


