Zelenski: Novorossiysk Dəniz Bazasına hücum etdik
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyadakı Novorossiysk Dəniz Bazasına hücum etdiklərini bildirib.
AFN.az xəbər verir ki, Zelenski sosial media hesabında Ukraynanın Rusiyadakı hədəflərə qarşı davam etdirdiyi hücumlarla bağlı məlumat paylaşıb.
Cəbhə xəttindən 300 kilometrdən çox məsafədə yerləşən Novorossiysk Dəniz Bazasına hücum etdiklərini bildirən Zelenski hücum zamanı “Neptun” tipli raketlərdən, “Palyanitsia” tipli silahlı pilotsuz uçuş aparatlarından və pilotsuz dəniz vasitələrindən istifadə etdiklərini qeyd edib.
Zelenski “Hava hücumundan müdafiə mövqelərinə, doklara və liman infrastrukturuna zərbələr endirildiyi təsdiqlənib” ifadəsini işlədib.
Rusiyadakı hədəflərə qarşı hücumların davam etdiyini vurğulayan Zelenski “Rusiya təcavüzü davam etdiyi müddətdə işğalçı donanma və onu dəstəkləyən bütün infrastruktur təhlükəsiz olmayacaq. Müharibə dayandırılmalıdır. Diplomatiya üçün bütün uyğun təkliflər masadadır” ifadələrinə yer verib.

