Aİ-də istismar müddətini başa vurmuş avtomobillərə dair yeni qaydalar qüvvəyə minir



Avropa İttifaqında (Aİ) avtomobil sektorunda təkrar emalı artırmaq və kritik xammalda xarici asılılığı azaltmaq məqsədilə hazırlanmış istismar müddətini başa vurmuş avtomobillərə dair yeni qaydalar sabahdan qüvvəyə minəcək. 

AFN.az xəbər verir ki, Aİ Komissiyası avtomobillərin dizaynı, istehsalı, toplanması və istismar müddətinin başa çatmasından sonrakı proseslərə dair qaydaları yeniləyəcək İstismar Müddətini Başa Vurmuş Avtomobillər haqqında Tənzimləmənin avqustun 13-də qüvvəyə minəcəyini açıqlayıb.

Yeni tənzimləmə ilə avtomobil sektorunda resurslardan daha səmərəli istifadə edilməsi, qiymətli materialların bərpası və təkrar istifadəsinin artırılması, eləcə də avtomobillərin həyat dövrü boyunca ekoloji göstəricilərinin yaxşılaşdırılması hədəflənir.

Tənzimləmə çərçivəsində avtomobillərin sökülməsini, hissələrin təkrar istifadəsini və materialların təkrar emalını asanlaşdıracaq şəkildə dizayn edilməsi təşviq ediləcək.

Yeni qaydalar avtomobil istehsalında təkrar emal edilmiş materiallardan istifadəyə dair məcburi hədəflər müəyyənləşdirəcək.

Bu çərçivədə yeni avtomobillərdə istifadə olunan plastiklərin 2032-ci ildən etibarən ən azı 15 faizinin, 2036-cı ildən etibarən isə ən azı 25 faizinin təkrar emal edilmiş materiallardan ibarət olması tələb olunacaq.

Aİ Komissiyası polad və alüminium üçün də 2033-cü ildən etibarən tətbiq edilməsi nəzərdə tutulan təkrar emal edilmiş material tərkibinə dair hədəflər müəyyənləşdirəcək.

Yeni qaydalarla istismar müddətinin sonuna çatmış avtomobillərin toplanması və izlənməsinə dair tələblər də sərtləşdiriləcək.

İkinci əl avtomobillərlə istismar müddətini başa vurmuş avtomobillərin bir-birindən ayrılmasına dair daha aydın meyarlar tətbiq ediləcək və avtomobillərin izlənəbilənliyi gücləndiriləcək.

İstismar müddətini başa vurmuş avtomobillərdən xüsusilə alüminium, mis və nadir torpaq elementləri kimi kritik xammalın daha çox bərpa edilməsinə yönəlmiş tədbirlər görüləcək.

Tənzimləmə çərçivəsində 2031-ci ilin ortalarından etibarən yalnız yollarda hərəkət etməyə yararlı avtomobillərin Aİ-dən kənara ixracına icazə veriləcək. Bununla da tullantı vəziyyətində olan avtomobillərin ikinci əl avtomobil kimi üçüncü ölkələrə göndərilməsinin qarşısı alınacaq.

Genişləndirilmiş istehsalçı məsuliyyəti sistemi ilə avtomobil istehsalçılarının bazara çıxardıqları avtomobillərin istismar müddətinin sonunda toplanması və emalının xərclərinə töhfə verməsi təmin ediləcək.

Avropada hər il 10-12 milyon avtomobil istismar müddətini başa vuraraq tullantı kimi qiymətləndirilir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu