Almaniyada Baltik dənizi sahilləri zəhərli yosunlarla örtülüb
Almaniyada Baltik dənizi sahilləri anomal isti hava səbəbindən zəhərli mavi-yaşıl yosunlarla (sianobakteriyalarla) örtülüb.
AFN.az xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat yayıb.
Federal Dəniz Gəmiçiliyi və Hidroqrafiya İdarəsinin peyk görüntülərində mikroorqanizmlərin Rostokdan Hiddense adasına qədər sahil xətti boyunca böyük miqdarda yayıldığı görünür. Onlar ölkənin şimalındakı göllərdə də aşkarlanıb. Bu səbəbdən Şlezviq-Holşteyn hakimiyyəti artıq bəzi su hövzələrində və Baltik dənizində çimməyi qadağan edib.
Sianobakteriyaların toplanmasına səbəb isti hava, suyun yüksək temperaturu və zəif su dövranı olub. Mavi-yaşıl yosunlar allergiyaya, dərinin və selikli qişaların qıcıqlanmasına, ürəkbulanma və qusmaya səbəb olan toksinlər ifraz edə bilər.
Qeyd edək ki, daha əvvəl Finlandiya körfəzi sahillərində su matça-latte rənginə bənzər bataqlıq-yaşıl rəngə, bəzi yerlərdə isə turşu çalarına boyanmışdı. Bu, mavi-yaşıl yosunların kəskin şəkildə çoxalması və sonradan məhv olması ilə əlaqədardır.


