Norveç Kralı Harald xəstəxanaya yerləşdirilib
Norveç Kralı V Harald xəstəxanaya yerləşdirilib və iki həftə müddətinə xəstəlik məzuniyyətinə çıxıb.
AFN.az xəbər verir ki, Norveç Kral Sarayının açıqlamasında 89 yaşlı Haraldın bədənində maye toplanması səbəbindən xəstəxanada müalicə aldığı bildirilib.
Nadir rast gəlinən qan xəstəliyi – hemolitik anemiyadan müalicə olunan Kral Haraldın yoxluğunda vəliəhd şahzadə Haakon onun səlahiyyətlərini icra edəcək. Şahzadə Haakon atasının xəstəlik məzuniyyəti müddətində kral vəzifələrini yerinə yetirəcək.
Saray rəsmiləri 2024-cü ilin aprelində verdikləri açıqlamada Kral Haraldın yaşı ilə əlaqədar rəsmi proqramlarını daimi olaraq azaldacağını bildirmişdilər.
1991-ci ilin yanvarından taxtda olan və Avropada ən uzun müddət vəzifədə qalan monarxlardan biri sayılan Kral Harald taxtdan imtina etməyəcəyini qəti şəkildə bildirir.
Kral Harald fevral ayında İspaniyanın Tenerife adasında infeksiya və maye itkisi səbəbindən 2024-cü ildə isə Malayziyaya səfəri zamanı səhhəti pisləşdiyi üçün kardiostimulyator yerləşdirilməsi məqsədilə xəstəxanaya yerləşdirilmişdi.
Saray Kraliça Sonjanın da bu ilin may ayında ürək problemləri səbəbindən müayinə və müşahidə məqsədilə xəstəxanaya yerləşdirildiyini açıqlayıb.
Kral ailəsindəki sağlamlıq problemləri Norveç Sarayı üçün çalxantılı dövrün ardından baş verib. Vəliəhd şahzadə Haakonun həyat yoldaşı Vəliəhd şahzadə Mette-Marit mart ayında milli televiziyada etdiyi açıqlamada ABŞ-li cinsi cinayətkar Cefri Epşteynlə heç vaxt tanış olmamağı arzuladığını deyib.
Şahzadə Mette-Marit 2011-2014-cü illər arasında Epşteynlə yüzlərlə elektron məktub mübadiləsi apardığını və onun Floridadakı evində qaldığını bildirərək, keçmişi barədə daha diqqətli araşdırma aparmadığı üçün məsuliyyət daşıdığını ifadə edib.
Bu açıqlamadan üç ay sonra, iyun ayında Şahzadə Mette-Maritin əvvəlki münasibətindən olan oğlu Marius Borg Hoiby iki ayrı zorlama ittihamı üzrə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib.


