EK: Seutada böhran davam edir
Avropa Komissiyası (EK) Seutada miqrasiya böhranının davam etdiyini etiraf edib. Qurum 80 min nəfər əhalisi olan anklavda bir neçə min qanunsuz miqrantın qaldığını bildirib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə EK nümayəndəsi Markus Lammert Brüsseldə keçirilən brifinqdə bəyan edib.
"Demək olar ki, Seutada hələ də yetkinlik yaşına çatmayanlar da daxil olmaqla, bir neçə min qanunsuz miqrant qalmaqdadır. Dəqiq rəqəm məlum deyil", – deyə o bildirib.
Nümayəndə vurğulayıb ki, Avropa Komissiyası vəziyyəti diqqətlə izləyir. Onun sözlərinə görə, İspaniya və Mərakeş hakimiyyət orqanları onların geri qaytarılması istiqamətində işləri davam etdirməlidirlər və EK bu prosesə dəstək verməyə hazırdır.
Lammert qeyd edib ki, ötən istirahət günlərində Mərakeş və İspaniya hakimiyyət orqanları miqrantların anklava yeni kütləvi keçid cəhdinin qarşısını ala biliblər.
O əlavə edib ki, Avropa Komissiyası bu böhranla əlaqədar İspaniyadan hələlik maliyyə yardımı sorğusu almayıb: "İspaniya öz sorğusunu formalaşdırmalı və bizə göndərməlidir. Biz ona birinci dərəcəli qaydada baxacağıq".

