Türkiyə MN İsrailin Suriyadakı bazaya zərbə endirməsini tənqid edib
İsrailin avqustun 18-də İdlibdəki Əbu-Duhur aviabazasına etdiyi hücum Suriyanın sabitliyini və bütövlüyünü pozmağa yönəlib.
AFN.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyindən jurnalistlərə bildirilib və qeyd olunub ki, respublika suverenliyinin qorunmasında qonşu ölkəyə dəstək verməkdə davam edəcək.
"İsrailin Əbu-Duhur aviabazasına hücumu Suriyanın sabitliyini, təhlükəsizliyini, birliyini və ərazi bütövlüyünü, eləcə də onun infrastrukturunu pozmağa yönəlmiş bir addımdır. Suriyada və regionda sülh və sabitliyin təmin edilməsi üçün İsrailin bu kimi düşünülməmiş hücumları dayandırması və beynəlxalq hüququn tələblərinə əməl etməsi vacibdir. Biz vahid ordu prinsipi çərçivəsində öz infrastrukturunu yaratmaq və hərbi potensialını artırmaq səylərində Suriyanı dəstəkləməyə davam edəcəyik", – deyə Türkiyə Müdafiə Nazirliyindən bəyan edilib.
Qurumdan əlavə olunub ki, İsrailin Suriyadakı aviabazaya hücumundan əvvəl və hücum zamanı orada Türkiyənin hərbi nümayəndə heyəti olmayıb.
"Regionun gələcəyi gücün birtərəfli tətbiqi üzərində deyil, beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətə əsaslanan təhlükəsizlik modeli üzərində qurulmalıdır", – deyə Türkiyə MN bəyan edərək beynəlxalq ictimaiyyəti İsrailin regional sülhə və sabitliyə təhlükə yaradan əməllərinə qarşı konkret və effektiv tədbirlər görməyə çağırıb.
"Bizim prioritetimiz regionumuzun növbəti münaqişə və qeyri-sabitliyə cəlb olunmasının qarşısını almaq, eləcə də davamlı sülh və təhlükəsizliyi bərqərar etməkdir", – deyə hərbi idarədən vurğulanıb.
