İmran Xan həbsxanadan xəstəxanaya köçürüldü
Pakistanın keçmiş Baş naziri İmran Xan qan təzyiqindəki dalğalanmalar və təşviş səbəbilə Ali Məhkəmənin qərarına əsasən xəstəxanaya yerləşdirilib.
AFN.az xəbər verir ki, Xanın Ravalpindidəki Adiala həbsxanasından paytaxt İslamabaddakı Şifa Beynəlxalq Xəstəxanasına köçürülməsi zamanı geniş təhlükəsizlik tədbirləri görülüb.
2023-cü ildən həbsdə olan keçmiş Baş nazir və müxalifətdəki Pakistan Ədalət Hərəkatı (PTI) partiyasının qurucusu İmran Xan Ali Məhkəmənin qərarı doğrultusunda müalicə məqsədilə Ravalpindidəki Adiala həbsxanasından paytaxt İslamabaddakı Şifa Beynəlxalq Xəstəxanasına köçürülüb. Keçmiş baş nazirin xəstəxanaya aparılmasından əvvəl və köçürülməsi zamanı ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb.
Gücləndirilmiş təhlükəsizlik tədbirləri altında xəstəxanaya aparılan Xanı çoxsaylı polis avtomobilləri müşayiət edib, xəstəxananın ətrafına polis əməkdaşı yerləşdirilib. Təhlükəsizlik tədbirləri çərçivəsində ərazidə yol kənarında park edilmiş avtomobillər də ərazidən uzaqlaşdırılıb.
Xanın səhhəti ilə bağlı narahatlıqlar və vəkillərinin müraciətlərindən sonra Ali Məhkəmə çərşənbə axşamı keçmiş baş nazirin iki gün ərzində özəl xəstəxanaya köçürülməsinə qərar vermişdi.
Qərar Adiala həbsxanasının rəhbərinin bazar ertəsi məhkəməyə təqdim etdiyi və Xanın avqustun 10-da kardiologiya şurası tərəfindən müayinə edilməsinin nəticələrini əks etdirən hesabatdan sonra qəbul edilib. Hesabatda Xanın qan təzyiqində dalğalanmalar yaşadığı və ailəsi ilə məhdud əlaqə saxlaması səbəbindən təşviş keçirdiyi bildirilib.
Xan və onun partiyası həbs qərarının siyasi motivlərlə qəbul edildiyini müdafiə edir. Xanın 2022-ci ilin aprelində keçirilən etimad səsverməsindən sonra baş nazir vəzifəsindən uzaqlaşdırılmasından bəri çoxsaylı hüquqi işlərlə üzləşdiyi məlumdur.



