Berlində İkinci Dünya müharibəsindən qalan bomba aşkarlanıb
Almaniyanın paytaxtı Berlinin Neukölln rayonunda İkinci Dünya müharibəsindən qalan bomba aşkarlanıb.
AFN.az xəbər verir ki, bombanın Weigandufer küçəsi yaxınlığında su kanalında aparılan işlər zamanı tapıldığı bildirilib.
Berlin polisinin X platformasındakı hesabından etdiyi açıqlamada, İkinci Dünya müharibəsindən qalan bombanın Weigandufer küçəsi yaxınlığında su kanalında aparılan işlər zamanı aşkarlandığı qeyd olunub.
Açıqlamada bombanın mütəxəssislər tərəfindən nəzarətli şəkildə zərərsizləşdiriləcəyi bildirilib və bunun üçün bombanın yerləşdiyi ərazinin 500 metr radiusunda təhlükəsizlik zonası yaradıldığı vurğulanıb.
Açıqlamada bu ərazidə olan hər kəsin bölgəni tərk etməli və evlərin təxliyə edilməli olduğu qeyd edilib.
Təxliyə tədbirləri müddətində təcili sığınacaq yeri kimi bir məktəbin idman zalının hazırlandığı bildirilib. Əhaliyə polisin göstərişlərinə əməl etmək çağırışı edilib.
Alman Xəbər Agentliyinin məlumatında təhlükəsizlik zonasında yerləşən 5 min 600 evdə yaşayan şəxslərin evlərini tərk etməli olduğu vurğulanıb.
Kanalda tapılan 100 kiloqram ağırlığındakı bombanın sudan çıxarılaraq üzən platformaya yerləşdirildiyi bildirilib. Məlumata görə, daha sonra bombanın kran vasitəsilə sahilə çıxarılması və burada zərərsizləşdirilməsi planlaşdırılır.



