Çin XİN: ABŞ-ın Venesuela neftinə nəzarəti Pekinin maraqlarını nəzərə almalıdır
ABŞ-ın Venesuelanın neft ehtiyatlarının bir hissəsinə nəzarət etməsi Çinin maraqlarının qorunmasını təmin etməlidir.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çin XİN-in rəsmi nümayəndəsi Qo Szyakun bildirib.
"Çin müvafiq məlumatı nəzərə alıb", - deyə o, ABŞ-ın Venesuelanın neft resurslarına nəzarətini brifinqdə şərh edərkən bildirib: "Ölkələr arasında ticarət-iqtisadi əməkdaşlıq bərabərhüquqlu prinsiplər əsasında, qarşılıqlı maraqlar və fayda nəzərə alınmaqla həyata keçirilməlidir".
Çinli diplomat vurğulayıb ki, Pekin dövlətlərarası münasibətlərin tənzimlənməsinin BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun həyata keçirilməsinin tərəfdarıdır. "Eyni zamanda vurğulamaq istərdim ki, Çin və Venesuela arasındakı əməkdaşlıq beynəlxalq hüququn və hər iki ölkənin qanunvericiliyinin müdafiəsi altındadır. Çinin Venesueladakı qanuni hüquq və maraqlarına zəmanət verilməlidir", - deyə Qo Szyakun qeyd edib.
Ötən həftə ABŞ Prezidenti Donald Tramp Venesuela tərəfi ilə Venesuelanın təsdiqlənmiş neft ehtiyatlarının 65 milyard barreldən çoxunun ABŞ-nin nəzarətinə keçməsini nəzərdə tutan saziş bağlandığını bəyan edib.
