Çin İrana silah tədarükü planları barədə məlumatları təkzib etdi
Çin Xalq Respublikası rəsmi Pekinin İrana silah tədarük etməyi planlaşdırdığına dair yayılan məlumatları qəti şəkildə rədd edib.
"Sinxua" agentliyinin verdiyi xəbərə görə, Çin XİN-in rəsmi nümayəndəsi Qos Szyakun ölkəsinin hər hansı əsassız ittihamlara və qərəzli yanaşmalara qarşı olduğunu bildirib.
Qos Szyakun vurğulayıb ki, Çin hərbi təyinatlı məhsulların ixracında hər zaman ehtiyatlı və məsuliyyətli yanaşma nümayiş etdirir. O qeyd edib ki, bu sahədə nəzarət Çinin daxili qanunvericiliyinə, müvafiq reqlamentlərə və ölkənin üzərinə götürdüyü beynəlxalq öhdəliklərə tam uyğun şəkildə həyata keçirilir.
Bu bəyanat ABŞ və İran arasındakı gərginlik fonunda Pekinin münaqişə tərəflərinə qarşı tutduğu neytral, lakin beynəlxalq hüquqa söykənən mövqeyini növbəti dəfə təsdiqləyir.
