ABŞ Venesuela neftini öz nəzarətinə götürür: Ölkə OPEC-dən çıxa bilər
Venesuelanın neft sektoru sürətlə Vaşinqtonun idarəçiliyinə keçir.
AFN.az "Bloomberg"ə istinadən xəbər verir ki, Karakas 65 ildən çoxdur üzv olduğu Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) çıxmaq imkanını nəzərdən keçirir. Bundan başqa, Ağ Ev ABŞ və Venesuela arasında neft sahəsində tarixi saziş imzalandığını elan edib. Bu hadisələr bir-biri ilə birbaşa bağlıdır və Vaşinqtonun energetika siyasətinin tərkib hissəsidir.
Məlumata görə, Karakasın hazırkı hakimiyyəti keçmiş prezident Nikolas Maduronun xəttini davam etdirdiyini bəyan etsə də, praktiki olaraq Vaşinqtonla yaxınlaşır. Burada ABŞ administrasiyasının Venesuela prezidentinin icraçısı Delsi Rodriqesin ünvanına səsləndirdiyi hədələr də rol oynayıb. Yanvarın 5-də ABŞ Prezidenti Donald Tramp Rodriqesin Madurodan daha pis vəziyyətlə qarşılaşa biləcəyini bəyan etmişdi.
Nəticədə Venesuela rəhbərliyi Vaşinqtonun tələbi ilə neft-qaz layihələrinə çıxışı liberallaşdırıb. Bunun müqabilində ABŞ ölkədə karbohidrogenlərin hasilatı və alınmasına tətbiq edilən sanksiyalardan müvəqqəti istisnalar (baş lisenziyalar) ayırıb. Lakin şərtlərə əsasən, bütün hesablaşmalar Amerika bankları vasitəsilə aparılır, Venesuela nefti faktiki olaraq yalnız ABŞ-yə ixrac olunur və layihələrdəki payları Amerika şirkətləri əldə edir.
Qeyd edək ki, Maduronun dövründə Venesuela nefti sanksiyalara baxmayaraq yalnız Çinə göndərilirdi və Pekin buna görə böyük güzəştlər alırdı. Vaşinqtonun son addımları ÇXR-i ən əlverişli xammal tədarükçülərindən birindən məhrum edib. Analitiklər bildirirlər ki, Venesuelanın OPEC-dən çıxması ölkənin özü üçün zərərlidir, çünki bu addım dünya bazarında neftin qiymətini aşağı salaraq Karakasın gəlirlərini azalda bilər.

