DPA: Almaniya vitse-kansleri təyyarə nasazlığı səbəbindən ABŞ-da qalıb
Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbayl hökumət təyyarəsində yaranan texniki nasazlığa görə "Böyük İyirmilik" (G20) ölkələrinin görüşündə iştirak etdiyi ABŞ-dan geri qayıda bilmir.
AFN.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Məlumata görə, təyyarədə yaranan texniki problem səbəbindən vitse-kansler Cənubi Karolina ştatının Spartanberq şəhərindəki otellərin birində gecələməli olub. Klinqbayl Eşvilldə keçirilən G20 nazirlər iclasından sonra bu şəhərdəki BMW zavoduna baş çəkmişdi.
Nəticədə vitse-kansler çərşənbə günü Berlində keçiriləcək Almaniya Nazirlər Kabinetinin iclasını buraxmaq məcburiyyətində qalacaq. O, həmin iclasda vergitutma ilə bağlı qanun layihəsini təqdim etməli idi.
Hökumət təyyarələri parkını idarə edən Bundesverin mətbuat xidməti agentliyə verdiyi açıqlamada Klinqbaylın təyyarəsinin texniki vəziyyəti ilə bağlı detalları açıqlamaqdan imtina edib.
